SON XƏBƏRLƏR
Heydər Əliyev irsi bizim milli sərvətimizdir

 Heydər Əliyev irsi bizim milli sərvətimizdir
Əliyeva Arifə Fərhad qızı
"İctimaifikir.az" xəbər portalı redaksiyasının fəxri üzvü,
"Heydər Əliyev-100" media mükafatı lauriatı
 

 

 Bizim hər birimiz, bütün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edirik. Millətin və dövlətin ali mənafeyini öz fəaliyyətində əsas prinsip və norma kimi qəbul etmək, xalqın səsinə-çağırışına cavab vermək, hətta həyatını təhlükəyə atmaq bahasına olsa belə, millətin haqq səsini dilə gətirmək, tarixi məqamlarda məsuliyyəti öz üzərinə götürmək Heydər Əliyev şəxsiyyətini digər rəhbərlərdən kəskin fərqləndirən xüsusiyyətlərdir. Məhz bu səbəbdən biz əminliklə deyirik ki, Heydər Əliyev irsi bizim milli sərvətimizdir.

Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir.

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri hələ Azərbaycan müstəqilliyini bərpa etməzdən əvvəl başlayıb. Azərbaycan xalqı 1969-1982-ci illərdə, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan Heydər Əliyev siyasətini yaxından tanımağa başlayıb və bu siyasət xalqda ona qarşı dərin sevgi və inam hissi yaradıb. Sonradan xalqın bu sevgisi və çağırışı Heydər Əliyevi vətənə geri qaytarmış, onun Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Ali Sovetindəki fəaliyyəti isə xalqı bir daha əmin edib ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, həlledici anlarda məsuliyyətli və cəsarətli addımlar atmaq bacarığı, xalq-millət sevgisi sonsuzdur və müqayisəedilməzdir.

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsinin təşkilatçılarını cəsarətlə ifşa edən bəyanat verməsi və Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətdən sonra SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi Heydər Əliyevin siyasi iradəsinin, prinsipiallığının, cəsarətinin nümunəsidir.

Bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Ən əsası odur ki, Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuş Heydər Əliyev müstəqil Azərbaycan Ordusunun da qurucusudur.

Ulu Öndərin əziz xatirəsini yad edərkən onun şəxsi keyfiyyətləri barədə danışmamaq mümkün deyil. Heydər Əliyev hər şeydən əvvəl güclü xarizmatik şəxsiyyət idi. Hətta siyasi rəqibləri belə onun xarizmasını, idarəetmə qabiliyyətini, liderlik keyfiyyətlərini etiraf etmək məcburiyyətində qalırdı. Universal biliyi, intellekti, dünyagörüşü, siyasi müdrikliyi, təmkini və səbri, hadisələri düzgün və çevik qiymətləndirmə, nəticə çıxarma bacarığı, eyni zamanda, hadisələrə həssas və ədalətlə yanaşması, həmişə obyektiv mövqe tutması dövlət başçısı kimi onun ən yüksək şəxsi keyfiyyətlərindən idi. Mən Ulu Öndərin fenomenal yaddaşını da xüsusi qeyd etmək istərdim. Heydər Əliyev həqiqətən də qeyri-adi yaddaşa sahib şəxsiyyət, mahir natiq idi.

 
Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır



[email protected]