Mərhum Xalq artistinin oğlu: “Hamı atamın yerinə danışır” - FOTO

Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var idi”. 
Bu sözləri  açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib. 
O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə rahat olub: 
"İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki, atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu. 
Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki, övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki, sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi”. 
Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:
"Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə şey olar?!” 
Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını bildirib:
"Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər qapımızadək gəldilər. Yasda millət dolu idi”. 
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib. 


[email protected]