SON XƏBƏRLƏR
İtaliyalı mütəxəssislər: “Ansaldo”nun Azərbaycandakı İES-in inşasında iştirakı təqdirəlayiqdir

İtaliyalı mütəxəssislər "Ansaldo Energia” şirkətinin Mingəçevir şəhərində müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının (İES) tikintisində iştirakını yüksək qiymətləndirirlər.

 İtaliya Metal İşçiləri Federasiyasının baş katibi Kristian Venzano və federasiyanın şirkət üzrə meneceri Andrea Kapoqreso "Azərenerji” və "Ansaldo Energia”nın əməkdaşlığının mühüm hadisə olduğunu bildiriblər.

Mütəxəssislər qeyd ediblər ki, Azərbaycandan alınan sifarişlər, şübhəsiz ki, "Ansaldo Energia”nın mükəmməlliyini təsdiqləyən müsbət əlamətdir. Hökumət hər mənada şirkətə diqqət yetirməli, həmçinin keçid üçün milli enerji planını sürətləndirməlidir. "Ansaldo” bu mərhələdə tamamilə mərkəzi rol oynamalıdır və biznes planı üzrə konkret addımlar atılmalıdır. Şirkət enerji keçidində hökumət üçün strateji olmalıdır və hökumətin bu yolda davam edəcəyini gözləyirik”.

İtaliya Metal İşçiləri Federasiyasının metal və maşınqayırma sənayesi işçilərini təmsil edən həmkarlar ittifaqının üzvü Roberto D'Andrea və ittifaqın Genuya üzrə baş katibi Stefano Bonazzi isə bildiriblər ki, "Ansaldo Energia” ilə "Azərenerji” arasında müqavilənin imzalanması Genuya zavodu üçün vacib sifarişi təsdiqləyən müsbət əlamətdir.

Qeyd edək ki, "Azərenerji” və "Ansaldo Energia” imzaladığı dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkəti 1280 meqavat gücündəki yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcək. 170 il əvvəl təsis olunan və mərkəzi ofisi İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərində yerləşən "Ansaldo Energia” şirkəti 80 ölkədəki layihələrdə iştirak edib.




[email protected]