Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər.
ictimaifikir.az xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında söyləyib.
"Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar mənim apardığım siyasət nəticəsində daha sıx birləşdilər. Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik , - deyə dövlətimizin başçısı bildirib.
İkinci Qarabağ müharibəsinin milli həmrəyliyi və birliyi, ölkəmizi daha da gücləndirdiyini vurğulayıb Prezident İlham Əliyev deyib: "Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.