SON XƏBƏRLƏR
ZƏFƏR YOLU

 

 ZƏFƏR YOLU
Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist, "Zəfər”, "Nizami Gəncəvi-880”
media mükafatları laureatı
 

 

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatlarında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, xalqımızın və döyüşçülərimizin ruh yüksəkliyi oldu. Birlik olan yerdə dirilik də var demişlər.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı da vurğulamaq yerinə düşər. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən yeni strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verildi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsini yerlə yeksan etdi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Çünki artıq bıçaq sümüyə dayanmışdı. Yalan vədlərlə otuz il başımızın altına yastıq qoyulmuş, xalqın səbri tükənmişdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını sıradan çıxarıb iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu hətta köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticə rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz "Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini, beton sədlərini, səngərlərini darmadağın edərək böyük zəfərə imza atdı.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan xalqı Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan mədəniyyət mərkəzi Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim, müqəddəs yurd yerimizin xilası iləşanlı qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Biri sevinsə də, bir çoxları qorxuya düşdü.

Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində dedi: "Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də müasir hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edib. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın ordusu və dövləti işğalçıdır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgərləri mövqelərini qoyub qaçır, bəzən postda it kimi zəncirlənərək döyüşməyə məcbur edildiyi halda, Azərbaycan əsgəri öz torpağı uğrunda sevə-sevə baş qoyur, canından keçirdi. Ordumuzun sayəsində biz qələbə sevincini yaşadıq.

Biz artıq dünya xalqlarının qarşısında fəxrlə, qürurla "Mən Azərbaycanlıyam”-deyə bilirik. "Bu, müasir döyüş silahları ilə, müasir döyüş taktikaları ilə qələbə çalan mənim ölkəmin müzəffər ORDUSUDUR, dünya siyasətçilərinin hər birini onların öz dilində sübutlarla susduran, dünya lideri olmağa layiq olan mənim PREZİDENTİMDİR! Azad edilmiş torpaqlarımızda qürurla dalğalanan mənim müqəddəs, üçrəngli BAYRAĞIMDIR!”-deyə bilirik.

Bu qələbəni bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevi təbrik edirəm. Hər bir Azərbaycan əsgərini ürəkdən təbrik edirəm. Dünya azərbaycanlılarını bu böyük qələbə münasibətilə təbrik edirəm.

 

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Var olsun ulu xalqım!

Qarabağ Azərbaycandır!

 

 

 

 




[email protected]