Qələbə xəbərini səbirsizliklə gözləyirdik

44 günlük müharibə və düşmən üzərində TARİXİ QƏLƏBƏ dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz , müzəffər xalqımız  Zəfər  gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər, həm də sülhün, əmin-amanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri, xalqları həmrəyliyə səsləyir. Nankor, xəbis erməni xəyanətkarlarının uzun illər xalqımıza, torpaqlarımıza təcavüz etməsinə, insanların başına min bir müsibətlər gətirməsinə, kütləvi qırğınlar, soyqırımları, təxribatlar törətmələrinə baxmayaraq, dövlətimiz heç zaman müharibənin tərəfdarı olmamışdır. Azərbaycan Prezidenti dəfələrlə xatırlatmışdır ki: "Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azad olunması uğrunda döyüşür”.  

Qələbə xəbərini səbirsizliklə gözləyirdik 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, çətinlik xalqımızın qələbəyə inamını sarsıtmadı. Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız praqmatik dövlət başçısı ölkə Prezidenti cənab  İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, ölkə Prezidenti cənab  İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı. Məhz Qələbə  onun apardığı dərin siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticəsində əldə edilmişdir. O, dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirdi. Qalibiyyət qazanandan sonra indi bütün dünya deyir ki, Azərbaycan ən müasir, ədalətli  müharibə apardı və 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi. Ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təchiz olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.

Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən fəxarətlə söz açır. Bəli, Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi: bir tərəfdən  dünyanı cənginə alan koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz, xəbis, xain, nankor  düşməni ilə müharibə etmək... Bu işğal bizim gözümüzü kölgəli, başımızı aşağı etmişdi. Bəli, havadarları sayəsində ermənilərin torpaqlarımızı işğal etməsi, sərvətlərimizi talan etməsi bizim yaralı yerimiz idi. Ölkə Prezidentinin uzaqgörənliyi, düşünülmüş siyasəti tarixi qələbəmizə tuşlanmışdı. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Cəmi 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən düşmən ordusu tamamilə dağıdıldı, 80 faizə qədər hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, 30 illik işğala son qoyuldu. Düşünülmüş siyasət  nəticəsində, Ağdam, Laçın, Kəlbəcər rayonları isə siyasi yolla, heç bir itki vermədən tam azad olundu və bu qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ümumiyyətlə, Azərbaycanın Silahlı Qüvvələri sülhün və əmin-amanlığın keşiyindədir. İnsanlarımızın, sərhədlərimizin təhlükəsizliyi naminə sayıqdır,  mətanətlidir. O, hər hansı bir təcavüzün qarşısını qətiyyətlə almağa və maneələri dəf etməyə qadirdir. Şəhidlərimizin ruhunu sevindirməyə, qisasını almağa nail olan, çətin döyüşlərdə misilsiz hünər göstərən, öz qəhrəmanlıq nümunələri ilə dünyanı heyran qoyan və hərb tariximizə qızıl səhifələr yazan Silahlı Qüvvələrimizlə hər birimiz fəxr edirik. Əlbəttə, bu, dünyaya məlum olan bir həqiqətdir. Uzun illər Azərbaycan dövləti, ölkə rəhbəri, xalqımız təcavüzkarların əməllərinə, torpaqlarımızın işğal altında qalmasına dözdü, ümidini beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına, böyük dövlətlərin vədlərinə bağladı. Danışıqlara, sülhə dəyər verdi, təşəbbüslərə, çağırışlara inandı. Bununla yanaşı, müharibənin qaçılmaz olduğunu anladı. Ölkə iqtisadiyyatı inkişaf etdirildi, ordu quruculuğu möhkəmləndirildi, əsgər və zabitlərin peşəkarlığı artırıldı, müasir silahlar alındı və onlardan mükəmməl istifadə olunmasının üsulları öyrənildi. Güclü və qüdrətli bir ordu yaradıldı, silahlı qüvvələrin təchizatına, modernləşdirilməsinə, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə böyük qayğı və diqqət göstərildi. Məhz, onun nəticəsində bu misilsiz  tarixi qələbə  əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyondan çox Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu Qələbəni xalqımıza yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezident İlham Əliyevə və Müzəffər Ordumuza  minnətdarıq! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə torpaqlarımız azad olundu. Bəli, bu qələbə bizim haqqımız idi. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!

 Qələbə xəbərini səbirsizliklə gözləyirdik

Tahir Ramiz oğlu Eynullayev
Bakı Xoreoqrafiya Akademiyasının
Orta ixtisas təhsil pilləsinin (kollec) direktoru, 
"Şuşa-270” media mükafatı laureatı


 

,


[email protected]