SON XƏBƏRLƏR
Qarabağ və Şərqi Zəngəzurda idman bayramları

İşğaldan azad olunan torpaqlar artıq beynəlxalq yarışların mərkəzinə çevrilib

 

Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. 
Ölkəmizin bu əsrarəngiz bölgəsində dövrümüzün ən qabaqcıl tələblərinə cavab verən, müasir texnologiyaların tətbiqi ilə yaradılan modern infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təminatında mühüm rol oynayacaq.
Təsadüfi deyil ki, həyata keçirilən abadlıq-quruculuq işlərinin müəllifi olan dövlət başçısı tez-tez işğaldan azad olunan ərazilərə səfərlər edir, müxtəlif infrastruktur obyektlərinin təməlini qoyur, açılışlarına qatılır. Həmin obyektlər isə ən müxtəlif sahələri əhatə edir.

 

İlk beynəlxalq turnir

 

Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da xüsusi diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni Olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli işğaldan azad olunmuş ərazilərimizdə də yetişəcək.
Çox təqdirəlayiq haldır ki, artıq işğaldan azad olunan torpaqlar beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib. Mayın 6-7-də Suqovuşan qəsəbəsində avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən bu yarış işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq turnir kimi yadda qalıb. Yarışlara Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı qatılmışdı.
Turnirin birinci günündə idmançılar Suqovuşan Su Anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib çıxıblar.
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına kubok təqdim edilib. Yekunda Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal qazanıb. "Prezident kuboku-2022" turnirinə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulub. Ötən ay təşkil edilən avarçəkmə üzrə "Mingəçevir reqatası-2022"nin açılış mərasimi də Suqovuşanda keçirilib. 

 

Dünyanın ən güclü şahmatçıları Şuşada

 

Sentyabrda Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada Qarabağ xanlığının sonuncu varisi, görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Shusha Chess-2022"  beynəlxalq turniri keçirilib. Kişilər və qadınlar arasında 4 gün davam edən yarışlarda 9 ölkədən 20 tanınmış qrosmeyster təmsil olunub. Beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıblar. 
Sentyabrın 21-23-də "Qarabağ" hotelində rapid üzrə yarışlar keçirilib. Yekunda 9 oyunda 15 xal toplayan azərbaycanlı beynəlxalq qrosmeyster Şəhriyar Məmmədyarov birinci olub. 2-3-cü yerləri hərəyə 13 xalla hindistanlı Santoş Vidit  və İran təmsilçisi Parhan Maqsudlu bölüşüblər.
Qadınların yarışında isə Nana Dzaqnidze liderliyini sonadək qoruyub və 15 xal qazanaraq qalib olub.  İkinci yeri 12 xalla türkiyəli Kübra Öztürk Güvənli tutub. 3-5-ci yerlərdə isə hərəyə 9 xalla ölkəmizin təmsilçiləri Xanım Balacayeva, Gövhər Beydullayeva, habelə gürcüstanlı Meri Arabidze qərarlaşıblar.
Sentyabrın 24-də isə blits üzrə yarışlar keçirilib. Nəticədə həm rapid, həm də blitsdə qazanılan xalların cəminə əsasən turnirin qalibləri və mükafatçıları müəyyənləşiblər. Kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov 26 xalla "Shusha Chess-2022"nin qalibi olub. İkinci yeri 24,5 xal qazanan Parhan Maqsudlu tutub. Üçüncü yerə isə Santoş Vidit sahiblənib - 23,5 xal. Qadınların yarışında isə Meri Arabidze hamıdan üstün olub - 24 xal. İkinci yerdə 23,5 xalla Nana Dzaqnidze qərarlaşıb. Üçüncü pillədə isə 20 xal toplayan Kübra Öztürk Güvənli yer alıb.
Xatırladaq ki, kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri - üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, həmçinin  Asiya çempionu Van Xao (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə ölkəsinin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak ediblər.
Qadınların yarışında milli komandanın üzvləri - Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, habelə Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Yolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya çempionu Meri Arabidze (Gürcüstan) və Türkiyə çempionu Kübra Öztürk Güvənli mübarizə aparıblar.

 

"Zəfər yürüşü"

 

Zəngilan rayonunun Ağalı kəndi isə "Zəfər yürüşü" triatlon turnirinə evsahibliyi edib. Bu torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, azad edilmiş ərazilərimizdə isə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir.
İdmançılar triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) yarışında mübarizəyə başlayıblar. Sonra duatlon (10 kilometr velosiped sürmə, 2 kilometr qaçış) və uşaq qaçışı (1 kilometr) yarışları təşkil edilib. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçirilib. 
Triatlon yarışında (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) Toğrul Məmmədli qalib gəlib. Cəfər Məmmədov ikinci, Cəlal Süleymanov isə üçüncü olub.




[email protected]