SON XƏBƏRLƏR
Şəhid ailələri və qazilərə bayram sovqatı

Vətəndaşların problemlərini aradan qaldırmaq, şəhid ailələrinə və müharibə iştirakçılarına, eləcə də aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, onlara lazımi maddi və mənəvi dəstək göstərmək dövlətimizin sosial siyasətinin  mühüm tərkib hissəsidir. 
Ölkəmizdə vətəndaş rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid vətəndaşlara qayğı göstərirlər.
Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayramlarda və əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, bayram süfrələri təşkil olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da belə sosial layihələrin əsas iştirakçılarındandır. Konfederasiyanın İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 min 900, 2021-ci il martın 17-də 3 min 900, həmin ilin mayın 8-də 4 min, bu ilin martın 16-da isə 4 min 65 şəhid ailəsi, qazi və aztəminatlı ailə ərzaqla təmin edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Bu günə qədər AHİK 15 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı göndərib.
Nəcib missiyanın davamı kimi noyabrın 5-də də Zəfər Günü ilə əlaqədar respublikanın rayonlarında yaşayan 5 min 500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. 
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik müşahidə edilir: "Dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri, qazilər və veteranlarla görüşür, onların qayğıları ilə maraqlanırlar. Həmin kateqoriyaya aid olan vətəndaşlar dövlət qayğısı ilə tam əhatə olunublar. Azərbaycan şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir".
S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: "Bizim əsas məqsədimiz əziz günlərdə onları yad etmək, mənəvi dəstək olmaqdır. Bu, bizim hər birimizin müqəddəs borcudur. Onlar əzizlərini bu Vətən uğrunda, bu torpaq yolunda şəhid veriblər".


[email protected]