Milli simvol

Mavi səmaların ucalığında dalğalandıqca ruhumuz pərvaz edir. Çünki bu mənzərə azadlığımızın, dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzidir. Üçrəngli, ay-ulduzlu bayrağımız yüksəkliklərdə qərar tutsun, dalğalansın deyə neçə-neçə sınaqlardan keçib Azərbaycan, mücadilələr edib Vətən övladları. 
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əhəmiyyətli məsələlərdən biri də əsas dövlət atributlarından, simvollarından birinin - bayrağın hazırlanması oldu. Bayraq haqqında Cümhuriyyət hökuməti ilk qərarı 1918-ci il iyunun 21-də verdi. Qərarda Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli  qəbul edildi.
XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipi - "Türkçülük, müasirlik və islamçılıq" dövlət bayrağındakı üç rəngdə ifadə olundu. Bayrağın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə idi.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin hesabatı əsasında milli bayraq haqqında qərar qəbul olundu. Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı 1918-ci il dekabrın 
7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı.
1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin birilliyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində Üzeyir bəy Hacıbəyli dövlət bayrağımızdakı rənglər barədə yazırdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur". 
Azərbaycan bayrağında əks olunan rənglərin mənasını Cəfər Cabbarlı "Azərbaycan bayrağına" şeirində obrazlı şəkildə belə ifadə edirdi:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən firsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!

Üçrəngli, ay-ulduzlu bayrağımız 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək dövlət statusuna malik oldu. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdi. Müstəqil ölkənin üçrəngli bayrağı endirildi. Bu sonsuz kədəri, qüssəni şairə Ümgülsüm Sadıqzadə belə ifadə etdi:

Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?

Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. Yetmiş il Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızı yenidən yüksəkliklərdə dalğalanan görmək arzusu vətənsevərlərimizin könlündə qubar bağladı. Aradan uzun illər ötsə də, bu bayraq Azərbaycanın müstəqilliyinin rəmzi kimi yaddan çıxmadı. 1980-cı illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı. 1990-cı il noyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Amma bu da hamısı deyildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edərək onu yenidən dövlət bayrağı elan etdi. 
Dövlət bayrağımız haqqında Ümummilli Lider Heydər Əliyev deyib: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir".
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Dövlətimizin rəsmi simvollarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımız yenidən müstəqil ölkəmizin başı üzərinə qaldırıldı. Dalğalandıqca 1919-cu ildə Cəfər Cabbarlının "Sevdiyim (Azərbaycanın bayrağına)" adlı şeirində vəsf etdiyi kimi dünyaya azadlığımızı, müstəqilliyimizi bəyan etdi:

Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, o cümlədən "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət başçısı bildirib: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".
İki il öncə Müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi. O günlər bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin işğaldan azad etdikləri Vətən torpaqlarında dövlət bayrağımızı ucaltmaları və bu barədə Ali Baş Komandan İlham Əliyevə raport vermələrini əks etdirən videogörüntülər oldu.
Düşmənin 30 ilə yaxın davam edən işğalına İkinci Qarabağ müharibəsində son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Düşməndən geri aldığımız ərazilərimizdə - Füzulidə, Qubadlıda, Cəbrayılda, Zəngilanda, Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə... Azərbaycan bayrağı ucaldıldı. O işğaldan qurtulmuş əzəli torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağımız yenidən dalğalandıqca dünyaya dövlətimizin gücünü, qüdrətini, xalqımızın birliyini, yenilməzliyini bəyan edir.




[email protected]