Müzəffər ordumuzun tarixi Zəfəri

Azərbaycanın şanlı tarix səhifəsinə yazılan misilsiz qələbənin - Zəfər Gününün ikinci ildönümünü, Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması gününü xalqımız təntənə ilə bayram edir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Şanlı Ordumuz, Azərbaycanın əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. 
Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzunu yüksəldən və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi. 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzalandı. Ermənistan həmin gün kapitulyasiya aktına imza atdı. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Eyni zamanda Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin işğalı ilə öz doğma yurdlarından uzaq düşən qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. 
Ali Baş Komandan vədinə sadiq qalaraq qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdilər. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan əsgərləri Şuşada Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etdilər. 
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Mədəniyyət beşiyi olan füsunkar Şuşamız 28 il 6 aydan sonra düşmən işğalından azad edildi. Bu zəfəri Azərbaycan və türk dünyası sevinclə qarşıladı. Xalqımızın 30 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. O gün Şuşa yenidən əsl sahibinə, Azərbaycanına qovuşdu. Əlbəttə, Azərbaycanın hər qarışı bizə doğmadır, əzizdir, amma Ali Baş Komandanın dediyi kimi: "İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Amma Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzdir, qədim mədəniyyət ocağımızdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində qeyd edirdi ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı: "Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq". 
Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gərərək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. Vətən müharibəsi dövründə dünyanın nüfuzlu televiziya kanallarına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Artıq 30 illik həsrətə, nisgilə son qoyuldu, Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...
Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışlar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdilər. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar. Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə insanlar dəhşətə gəlirlər. Ancaq bu gün dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəlir, ümidlərimiz dirçəlir, güvənimiz artır.
Bəli, məhz 44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".
Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! 
 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədə ordumuzun müasir döyüş texnikası və silah-sursatla təmin edilməsində Müdafiə Sənayesi Nazirliyiinin Elmi-Tədqiqt İnstitutunun fəaliyyəti də təqdirəlayiq olmuşdur. Nazirliyin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə böyük nailiyyətlərə çata bilmişik. 
44 gün davam edən haqq mübarizəmiz sayəsində bütün dünya gördü ki, Azərbaycan xalqı yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcəkdir. 
Bu Qələbəni, Zəfəri bizlərə yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir. Böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını, qələbəmizin sonsuz qürur hissi doğurduğunu gördükcə fərəh hisslərini yaşayırıq.
 Zəfər Günü parlaq qələbəmiz, şanlı tariximizin qızıl səhifəsini təşkil edir. Əbədi torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərimiz yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əbədi qəhrəmanlarıdır. Xalqımızın müzəffər qələbəsinin təməlində Ulu Öndər Heydər Əliyev strategiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, müstəqil və düşünülmüş siyasəti, dövlət-xalq-ordu birliyi dayanır. Azərbaycanda başlanan yeni quruculuq-bərpa mərhələsi geniş vüsət almışdır. İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində nəhəng quruculuq və bərpa işləri aparılır: yaşayış məntəqələri müasir konsepsiyalar əsasında qurulur, modern beynəlxalq hava limanları inşa edilir, nəhəng infrastruktur yaradılır və yeni tərəfdaşlıq əlaqələri formalaşdırılır. Bütün bunlar ölkəmizin həm sosial-iqtisadi inkişafına, həm də regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Biz Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən, xalqın dəstəyindən güc alan dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək mütəşəkkil siyasi qüvvə kimi Azərbaycanın çiçəklənməsinə yeni-yeni töhfələr verəcəyik. Əminik ki, xalqımız Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Mürsəl ƏLİYEV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, YAP Xətai Rayon Təşkilatının ərazi partiya təşkilatının sədri, texnika elmləri doktoru, professor




[email protected]