Azərbaycanın Qurtuluş günü

 Azərbaycanın Qurtuluş günü

"Mən fəxr edirəm ki, azərbaycanlıyam”-

Heydər Əliyev


Dünya miqyasında öz adını tarixə şərəflə yazan Heydər Əliyev xalqımızın yetirdiyi nadir, qeyri-adi şəxsiyyətlərdən biridir. Bu gün də milyonların qəlbində yaşayan Ümummilli Liderin ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işləri saymaqla qurtarmaz. Ümummilli liderin əsas amalı dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, dinimizin, adət-ənənələrimizin və bütövlükdə ölkəmizin qorunması olmuşdur.

Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi olmuşdur. Ölkənin inkişafının strategiyasını müəyyən etmiş, milli-mənəvi dəyərlərimizin müstəqil dövlətçiliyimizin konseptual əsaslarını hazırlamışdır. Ölkədə milli ruhun, milli ideologiyanın yüksəlişinin bünövrəsini qoymuşdur.

İyunun on beşində Milli Qurtuluş gününü təntənə ilə qeyd edirik. Böyük iftixar və qürur hissilə anırıq ki, Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmizdə iqtisadi və sosial istiqamətdə inkişaf getmiş, sabitlik bərqərar olmuşdur. Bu, Ulu Öndərin böyük uğuru, xalqa töhfəsi olmuşdur.

1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik qazandı. Lakin ilk illər müstəqilliyini əldə etmiş gənc dövlətimiz üçün çətin dövr oldu.bu çətinlik siyasi hakimiyyətdəki boşluq, dövlət orqanlarının fəaliyyətsizliyi və s.-lə əlaqədar idi. Ermənistanın ərazilərimizə qarşı ərazi iddiası bu vəziyyəti daha da çətinləşdirirdi.

1993-cü ilin iyun ayının doqquzunda H.Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqımızın və dövlətçiliyimizin qurtuluşu istiqamətində tarixi bir hadisə oldu, tarixin unudulmaz səhifəsinə çevrildi.

Bu ağır günlərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, bu gün şanlı tariximizə tarixin dönüş anı, "Milli Qurtuluş günü” kimi daxil oldu.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas aldı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan, parçalanmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıtdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi.

O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır. Azərbaycan xalqının milli qurtuluş günü-Azərbaycan Respublikasında rəsmi bayramlardan biri, 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.

Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsıl- mazdır, dönməzdir”,- sadiq qaldığını sübut etdi.

2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirmişdir... Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətimizin və millətimizin qurtuluş tarixidir.

Azərbaycanın içtimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlərimiz, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın 73 faizinin 44 günlük müharibə nəticəsində azad edilməsi, iqtisadi, siyasi, hərbi sahədə əldə etdiyimiz bütün nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Çünki dövlətimizin başçısı İlham Əliyev də məhz Ulu öndərin layiqli yetirməsidir və Ulu Öndərin uzaqgörən siyasətini həyata keçirir.

Bu gün dünya arenasında qazandığımız bütün nailiyyətlər Ulu Öndərin Vətənimizin gələcəyi naminə planlaşdırdığı uzaqgörən siyasətin, möhtəşəm strategiyanın həyata keçirilməsinin nəticəsidir.

 

Azərbaycanın Qurtuluş günü

Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist, "Zəfər”, "Nizami Gəncəvi-880”,
"Azərbaycan xanımı” media mükafatları laureatı





[email protected]