SON XƏBƏRLƏR
Sofiya Universitetində Müstəqillik Günü və Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib

2022-ci il mayın 27-də Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Sofiya Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, eləcə də digər qonalar iştirak etmişlər.

Sofiya Universitetində Müstəqillik Günü və Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib

İlk olaraq qonaqlar ötən 30 il ərzində iki ölkə arasında münasibətlərdə əlamətdar hadisələri əks etdirən foto-şəkillərdən ibarət sərgiyə baxmışlar. Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Hüseynov Sofiya Universiteti və Universitet nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə tədbirin təşkil olunmasında təşəkkürünü bildirmiş və diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş sərgidə nümayiş etdirilən rəsmi foto şəkilləri barədə məlumat verərək, onların ikitərəfli münasibətlərin inkişafının əsas məqamlarını təcəssüm etdiyini qeyd etmişdir.

Səfir Hüseyn Hüseynov, Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin 30 il ilə məhdudlaşmadığını və daha dərin tarixi köklərə malik olduğunu bildirmişdir. Hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal əlaqələrin inkişaf etdirildiyi vurğulanmışdır.

 
 
 

 

Tədbirin açılışında Sofiya Universitetinin prorektoru, professor Vasil Marinov qonaqlara ikitərəfli əlaqələrin tarixi haqqında məlumat verərək, Sofiya Universitetində öyrənilən bir çox dillər arasında Azərbaycan dilinin türkologiyada ən diqqətəlayiq dillərdən biri olduğunu və maraqla öyrənildiyini qeyd etmişdir. O, Universitet nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin mühüm rolunu qeyd edərək, onun bolqar gənclərinin təkcə Azərbaycan dili deyil, həm də tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaları üçün imkan yaratdığını qeyd etmişdir.

Sərgidən sonra tədbir səfir Hüseyn Hüseynovun Sofiya Universitetinin müəllim və tələbələri üçün Azərbaycan və Cənubi Qafqaz bölgəsi ilə bağlı geniş məruzəsi ilə davam etmişdir. Sofiya Universitetinin müəllim və tələbə heyətinin dinlədiyi məruzə zamanı Azərbaycanın qədim zamanlardan keçdiyi yol, Qafqaz Albaniyası, xanlıqlar dövrü, o cümlədən Qarabağ xanlığı, İslam dünyasında ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti, iki Qarabağ müharibəsi, Azərbaycan-Bolqarıstan münasibətləri barədə ətraflı məlumat verilmiş, dinləyicilərin çox saylı suallarını cavablandırmışdır.




[email protected]