"Prezident kuboku-2022" reqatası başa çatdı

Azərbaycan və Türkiyə idmançıları beynəlxalq turnirin qalibi oldular

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası başa çatıb.

Mayın 6-7-də keçirilən yarışlara Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı qatılmışdı.

Turnirin birinci günündə idmançılar Suqovuşan Su Anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.

Reqatanın ikinci gününə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində start verilib və idmançılar akademik avarçəkmə növündə mübarizəyə qoşulublar. Nəticədə Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına kubok təqdim olunub.

Yekunda Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

"Prezident kuboku-2022" turnirinə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, bu yarış, işğaldan azad olunmuş ərazilərdə keşirilən ilk beynəlxalq turnir idi.

Yüksək qonaqpərvərliyə görə yarışın təşkilatçilarına təşəkkür edən Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze bildirib ki, bu turnirin əhəmiyyəti böyükdür. Azərbaycanda mütəmadi olaraq turnirlərdə iştirak etdiklərini vurğulayan Nadiradze budəfəki yarışın çox böyük əhəmiyyətinin olduğunu qeyd edib: "Çünki yarış işğaldan azad olunmuş ərazidə təşkil olunub. Bu turnirdə iştirak etməkdən çox məmnunuq. Uzun illər Azərbaycan torpaqlarının işğal altında olması barədə məlumatlı idim. Yarışa böyük olmayan heyətlə qatılmışıq. Ancaq idmançılarımızın medal qazanacağına ümid edirdim. Əsas dostluq əlaqələrinin möhkəmlənməsidir. İnanıram ki, sıx dostluğumuz bundan sonra da inkişaf edəcək".

Gürcüstanın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Kaxaber İlxanaşvili yarışın əhəmiyyətini vurğulayıb. O, gələn il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq yarışa daha böyük komanda ilə qatılacaqlarını və heyətdə daha güclü idmançılar yer alacağını bildirib. Bu yarışın idmançıların peşəkarlıq səviyyəsinin artırılması və təcrübə qazanması istiqamətində əhəmiyyəti böyükdür.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş digər ərazilərdə də turnirlərin keçirilməsini Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə müzakirə etdiklərini vurğulayıb. Nazir bildirib ki, işğaldan azad olunmuş başqa ərazilərimizdə də gələcəkdə idman yarışlarının təşkili planlaşdırılır. Federasiya ilə birlikdə bu istiqamətdə müzakirələr aparılır. Artıq müəyyən işlər görülür.




[email protected]