Müdrik siyasətçi

 

Müdrik siyasətçi 

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir. Cəmiyyətdə mütləq çoxluğun lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirir. Qalib Sərkərdə, qalib Komandanın idarəçiliyi ilə Azərbaycan dünyada öz sözünü demiş öncül dövlətdir.

 Müdrik siyasətçi

SƏMƏDOVA KÖNÜL İBRAHİM QIZI

ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının 
müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent,
"Qabaqcıl təhsil işçisi" döş nişanı mükafatı laureatı



[email protected]