VƏTƏNƏ MƏHƏBBƏT HİSSİ İLƏ...

 VƏTƏNƏ MƏHƏBBƏT HİSSİ İLƏ...
Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist, "Zəfər”, "Nizami Gəncəvi-880”,
"Azərbaycan xanımı” media mükafatları laureatı
 
 
Söz var insan yaşadır, söz var insanı yaşadır... "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr edirəm ki, mən azərbaycanıyam”. Bu hikmətli kəlamı eşitdikdə kimdən bəhs olunduğunu dərhal anlayırıq. Bu fikir Ulu Öndər Heydər Əliyevin imzasında aforizmləşmiş və güclü məna qazanmışdır.
Ümumiyyətlə, mən deyərdim ki, Heydər Əliyevin həyatı, fəaliyyəti, siyasəti, natiqliyi hər biri ayrı-ayrılıqda bir elmdir. Heydər Əliyev fəaliyyətinin bir şüarı olmuşdur: Xalq!Vətən! Dil! Bunlar hər bir azərbaycanlının  həyat amalına çevrilməli, mübarizəmiz, fəaliyyətimiz yalnız bu istiqamətdə olmalıdır.
Bütün ömrünü Azərbaycan dövlətinin var olmasına, inkişafına, çiçəklənməsinə həsr edən Ulu Öndərin zəhmətinin, uğurlu siyasətinin bəhrəsini hər zaman görürdük və son günlərdöyüş meydanlarında da gördük. Bu günlərdə-44 gündə biz böyük bir döyüş yolu keçdik. Azərbaycan həm dövlət olaraq, həm xalq olaraq "olum ya ölüm” suallarının astanasında idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı mən bəzi şeyləri müşahidə etdim.Mən hərbçi deyiləm, hərbçi ailəsiyəm. Həyat yoldaşım doxsanıncı illər Birinci Qarabağ Müharibəsi qazisi-veterandır. Ona görə müharibənin qanlı-qadalı günləri mənim yadımdadır. 
Vətən müharibəsi başlayanda bütün xalqımız kimi mən də həyəcan keçirirdim. Düşünürdüm: bizi dəstəkləyən Türkiyə və bəzi ölkələr var. Bütün Avropa dövlətləri, Amerika, dünyanın "demokratik” ölkələri ermənilərin ədalətsiz qəsbkarlığına susur. Nəyisə gözləyirdilər. Görəsən, necə olacaq? 
Elə müharibənin ilk günlərindən Azərbaycanın güclü əks-hücum əməliyyatları qarşısında ermənilərin çəkdikləri beton sədlər davam gətirə bilmədi. Azərbaycanın Ali Baş Komandanı,  Qüdrətli Sərkərdəmiz İlham Əliyevin ağıllı hərbi, siyasi, iqtisadi siyasəti nəticəsində rəşadətli ordumuz hər gün irəli addımladı. Ali Baş Komandanın bir çox dövlətlərin dövlət rəhbərlərinə, jurnalistlərinə qərəzli suallar müqabilində verdiyi ədalətli, kəskin cavabları qarşısında kimsə dayana bilmədi. Deməli müasir müharibələr yalnız döyüş meydanlarında deyil, həm də ideoloji meydanda- masada aparılır. Prezidentimiz İlham Əliyevin siyasi hazırlığı, böyük Sərkərdəlik məharəti ilə etdiyi hər çıxışdan ruhlanan Azərbaycan ordusunun yalnız bir yolu qalırdı: İrəli!
Qəlbində vətən sevgisindən başqa bir şey olmayan əsgərlərimiz üçün geriyə yol yox idi. Yalnız Vətənin azadlığı uğrunda vuruşmaq, hər bir qarış torpağımızı azğın düşməndən təmizləmək. Əsgərlərimiz-aslanlarımız da bilirdilər ki, onların arxasında ağıllı Sərkərdə dayanıb. Onları qələbədən qələbəyə ruhlandıran vətən-xalq sevgisi var. 
Diqqəti cəlb edən bir cəhət də ondan ibarət idi ki, döyüşə yollanan bu uşaqların çoxu doxsanıncı illərdə doğulanlar idi. Yəni onların çoxu bu yerlərdə olmamışdılar, birinci Qarabağ müharibəsini görməmişdilər. Əslən həmin bölgələrdən olan əsgərlər isə qundaqda, bələkdə, analarının qucağında gəlmişdilər. Deməli, Ulu Öndərin uzaqgörən siyasəti həmin gənclərin tərbiyəsində böyük rol oynamışdı. Bir çoxları Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi məktəblərdə təhsil almışdılar.İxtisaslı zabit kadrları yetişmişdi.
Bizlərə hələ də uşaq kimi görünən Azərbaycan əsgərləri döyüşlərdə bir aslana, bir canavara dönürdülər. Onların döyüş əzmini görən düşmənlər əllərindəki silahları, döyüş sursatlarını qoyub qaçmağa məcbur olurdular. 
Son hadisələrə qədər, 30 il torpaqlarımızın geri qaytarılacağı barədə dünya dövlətlərinin, Minsk qrupunun qərarlarını səbrlə ölkə olaraq, ordu olaraq, xalq olaraq gözlədik. Bu gözləmənin nəticəsiz olacağını bilirdik. Lakin...
 VƏTƏNƏ MƏHƏBBƏT HİSSİ İLƏ...

 

Güclü ordumuz formalaşmalı idi. Hərbi təhsilli zabitlərimiz yetişməli idi. Ordu müasir hərbi texnika ilə təmin edilməli idi. 
Ölkənin güclü ordusu olmalıdır-deyən Ulu Öndər Heydər Əliyevin  təşəbbüsü ilə Azərbaycanda yaradılan hərbi məktəblər, akademiyalar bu müharibədə qələbənin qazanılmasında həlledici rol oynadı. Heydər Əliyev adına Ali Hərbi Komandanlıq Məktəbinin zabitlərinin qəhrəmanlığı əfsanəyə döndü. Düşmən əsgərlərinin özləri bunu etiraf edirlər. Onların söylədiklərindən:"Onlar (yəni Azərbaycan əsgərləri) elə bil ölməz idilər. Biz onları vuruduq, yıxılıb bir də ayağa qalxırdılar. Qanları axa-axa yenə döyüşürdülər. Silahları olmayanda düşməni boğur və ya boğazının şah damarını dişlərilə qoparırdılar.Onlar insan deyildilər, sanki zombi idilər...”.Bu sözlərdən ermənilərin qorxusu, həyəcanı, Azərbaycan əsgərinin yenilməzliyi bir daha öz təsdiqini tapır. Ordumuz və əsgərlərimiz haqqında əfsanələr yarandı. Böyük vətən müharibəsində Mehdi Hüseynzadə, Həzi Aslanov, Gəray Əsədov və bir çoxları haqqında yaranmış əfsanələri biz kitablardan oxumuşduq, filmlərdə görmüşdük.
Bu günümüzün qəhrəmanlarını isə gözlərimizlə gördük. Düşmən özü də Ordumuza heyran qalmışdı. Bütün dünya heyran qalmışdı. Azərbaycanda bəlkə də, yüzilliklərin ən möhtəşəm -müasir müharibəsi baş verdi. Dəqiqliklə idarə edilən dronların dəqiq hücumları inanılmaz idi. 
Bunlar öz yerində. Hər bir texnikanı idarə edən yenə Azərbaycan əsgərləri idi. 
ƏSGƏRLƏRİMİZİN ürəyi vətən sevgisiylə dolu idi. Hərbin sirlərinə yiyələnmişdilər, azadlıq həsrəti ilə yanır və Ali Baş Komandanın bircə əmrini gözləyirdilər. Sözsüz ki, əks-hücuma nə vaxt, necə, haradan başlamaq lazım olduğunu Ali Baş Komandan İlham Əliyev bilirdi. Ali Baş Komandan hər şeyiölçüb-biçmiş, hərəkatın başlanğıcını, sonunu, baş verə biləcək təzyiqləri, təzyiq sahiblərinə veriləcək cavabları dəfələrlə ölçüb-biçmişdi. Ali Baş Komandan açıq şəkildə hər kəsə sərt mesajlarını göndərdi. Üç böyük dövlətin 30 ildə edə bilmədiyini Azərbaycan Prezidenti 44 günə həyata keçirtdi.Ölçülüb-biçilmiş belə bir siyasət uğurlu qələbəmizin əsası oldu.
Düşmən hər şeyi nəzərə almışdı. Düşmənin avropa dövlətləri arasında tərəfdarları da vardı. Düşmənin istər pulla, istər hədiyyə olaraq əldə etdiyi güclü texnikası da vardı. Düşmənin otuz il ərzində bizim torpaqlarımızda bizə qarşı qurduğu beton sədlər, səngərlər, yeraltı yollar və s. - hər şeyi vardı. Düşmən hər şeyi nəzərə almışdı. Sadaladığımız nədənlərdən özlərini çox arxayın hiss edirdilər. Lakin...
Lakin düşmən bəzi məqamları nəzərdən qaçırmışdı. Azərbaycan əsgərinin döyüşqabiliyyətini. Azərbaycan əsgərinin qəlbindəki vətən sevgisini. Bunu onlar anlaya bilməzdilər, çünki onların nə vətəni var, nə də vətən sevgisinin nə olduğunu bilirlər. 
Ordumuz hər bir rayon uğrunda fədakarlıqla vuruşdu və məqsədə nail oldu. Lakin Azərbaycanın gözü, Qarabağın zirvə nöqtəsi sayılan Şuşanın alınması dünya xalqlarının dilində dastana çevrildi. Şuşanın azad edilməsi ilə dönüş mərhələsi başladı. Güclü silahlardan, zirehli texnikadan istifadə etmədən aslanlarımız yalnız bıçaqla, tapança ilə, əlbəyaxa döyüşlə ürəyimizin bir parçası olan Şuşamızı düşməndən təmizlədilər. Əfsanəvi qəhrəmanlarımız həm düşmənlə əlbəyaxa olurdular, həm də yaralanmış döyüş yoldaşlarını yarı yolda buraxmır, çiyinlərində özləri ilə birlikdə dağa qaldırırdılar. Bunu hansı olkənin hansı əsgəri etmişdi? Nə bu günə qədər, nə də bundan sonra Azərbaycan əsgərinin şücaətini erməni əsgərləri” təkrar edə bilməz. Dünya mütəxəssislərinin fikrincə, Şuşa əməliyyatı hərbi taktiki manevrlərinə görə dünya hərb tarixi kitablarına düşəcək nümunədir. Təxminən 1400 m. yüksəklikdə yerləşən Şuşaya üzərində yük olan əsgərlər yox, sadəcə, gəzinti məqsədilə də qalxmaq olduqca mürəkkəb məsələdir. Üç tərəfdən qayalarla əhatə edilmiş Şuşa, həqiqətən, alınmaz qaladır. Geridə qalan tək bir yol vardır ki, onu da ermənilər kəsmiş və Azərbaycan ordusunun hücumunu oradan gözləyirdilər. Şuşanı yaxşı silahlanmış minlərlə erməni əsgəri, elit qarnizonlar qoruyurdu. Şuşaya sahib olmaq tamamən Qarabağa nəzarət etmək deməkdir ki, Şuşanın strateji əhəmiyyətini düşmən də yaxşı bilirdi. Ermənilər və  digər dövlətlərin hərbi ekspertlərinin fikrincə, Şuşanı Azərbaycan əsgəri ala bilməzdi.Və əgər alsa belə, bu na ən azı 3-4 ay vaxt lazım olmalı imiş... Lakin... Yenə də lakin ... Azərbaycan ordusunun Xüsusi Təyinatlı Dəstəsinin üzvləri alpinist kimi dağlara dırmaşaraq ermənilərin heç gözləmədiyi mövqelərdən hücuma keçmiş, əlbəyaxa döyüşlə düşmənin elit qüvvələrini sıradan çıxarmışlar. Dünyaya nümunə olacaq, haqqında illərlə danışılacaq əməliyyat göstərmiş, Müqəddəs Şuşamızı az bir zaman çərçivəsində-7 noyabrda mənfur düşməndən azad etmişlər.  Şuşanın azad edilməsilə Qarabağ döyüşlərinin xarakterini dəyişdirdi. Ağır itki verən, silah-sursatını, texnikasını qoyub qaçan ermənilər təslim olmalı və Azərbaycan hökumətinin şərtlərini qəbul etməyə məcbur oldular. Elə həmin anda da Ali Baş Komandanımız ətraflı düşünülmüş şərtlərini irəli sürdü və düşmən təslim aktını imzalamağa məcbur edildi.
Düşünürəm ki, böyük qələbələrimizin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Unudulmaz Ümummilli liderimiz, əbədi ağsaqqalımız, doğru və işlıqlı yol göstərənimiz bu gün də öz tarixi çıxışları, ağıllı siyasəti, məsləhətləri ilə bu gün də bizimlədir.Həmin uğurlu siyasəti davam etdirən Ali Baş Komandan İlham Əliyev güclü siyasəti ilə döyüşlərə rəhbərlik etdi. Biz qalib gəldik. Ali Baş Komandan və müzəffər ordumuz dünyaya sübut etdi ki, Azərbaycan aslanlarının qarşısında heç bir maneə dayana bilməz. Azərbaycan tarixinin son otuz ilini əks etdirən səhifələrini Ali Baş Komandan yırtıb atdı. Müasir Azərbaycan tarixini özü yazdı. Azərbaycan Ordusu yazdı. Hər bir Azərbaycan əsgəri yazdı. Şəhidlərin qanıyla yazıldı bu tarix. Şəhidlərin qarşısında baş əyirik. Şəhid ANALARININ qarşısında baş əyirik. Qazilərimizin qarşısında baş əyirik. 
Qoy bütün dünya bilsin: Biz qalib gəldik! Biz zəfər çaldıq! Bütün dünyaya sübut etdik ki, Qarabağ bizimdir!  Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan Prezidentinə! Eşq olsun Ali Baş Komandan! Eşq olsun Azərbaycan Ordusuna!Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!



[email protected]