Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır

 

 Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır 

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir!..

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bəyan etdiyi bu sözlər xalqımızın 28 illik Qarabağ yarasına məlhəm oldu, əvvəlki sevinclərimizə sevinc qatdı, xoşbəxtliyimizi bütövləşdirdi. Elə dövlət başçısı özü də atası, Ümummilli Lider Heydər Əliyevin Şuşanın işğaldan azad edilməsilə bağlı vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi.

Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində "Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı.

Yanvarın 5-də isə Prezident İlham Əliyev Şuşa ilə bağlı növbəti mühüm qərarını açıqladı. Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Ölkə rəhbəri bu qərarı ilə Şuşaya xüsusi önəm verdiyini növbəti dəfə nümayiş etdirdi: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”.

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan "Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib.

44 günlük Vətən müharibəsi doğma Qarabağımızın düşmən tapdağından azad olunması, ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunması ilə yekunlaşdı. Hal-hazırda bu ərazilərdə aparılan bərpa və yenidən qurma işləri, cənab Prezidentin ardıcıl səfərləri Qarabağın daha da çiçəklənməsinə, ölkəmizin bir hissəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxaracaq. Bu dilbər güşələrin hər birinin özünə məxsus gözəlliyi var. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan, ictimai tariximizin inkişafında mühüm rol oynayan, ölkəmizə və dünyaya görkəmli şəxsiyyətlər bəxş edən Şuşa şəhəri Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir. 28 il sonra öz azadlığına qovuşan bu şəhər hal-hazırda mühüm inkişaf mərhələsində irəliləyir. Prezident cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada "Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib. Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib. Bu, bizim tariximizin parlaq səhifəsidir.

 

Cabbarova Gülnar Rüfeddin qızı

AMK tərkibində İncəsənət Gimnaziyasının
1a sinfində tərbiyəçi müəllimə



[email protected]