Yeni inkişaf, yeni intibah mərhələsi

Müdrik və qədirbilən Azərbaycan xalqı 11 aprel 2018-ci il seçkilərində növbəti dəfə dövlət başçısı cənab İlham Əliyevə etimad göstərərək və səs verərək onu daha 7 illik müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdi.

Seçkilərdə iştirak edən seçicilərin böyük əksəriyyəti - 86,02 faizi növbəti dəfə Ümummilli Lider Heydər Əliyev siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevə səs verərək etimad göstərməklə, seçimlərində yanılmadıqlarını bir daha nümayiş etdirdilər.

Ötən 4 ildə, bütövlükdə son 18 ildə baş verənlər, yaşananlar Azərbaycan vətəndaşlarının seçiminin nə qədər doğru və düzgün olduğunu ortaya qoydu.

Azərbaycan xalqı, Azərbaycan seçicisi 90-cı illərin əvvəllərindən fərqli olaraq populist, boğazdan yuxarı, aldadıcı, qeyri-real vədlərə deyil, konkret əmələ, Azərbaycanın inkişafına, gələcəyinə səs verməklə, öz addımlarında, öz qərarlarında stabil olduğunu bir daha gözlər önünə sərdi.

Qeyd etdiyimiz kimi, bizi prezident seçkilərindən 4 il ayırır və ötən bu illər müstəqil Azərbaycanın inkişafının, tərəqqisinin yeni mərhələsi hesab oluna bilər.

Daim Azərbaycan vətəndaşlarının yanında olan ölkə Prezidenti 4 ildə də insanlarımızın sosial rifah halının, güzəranının daha da yaxşılaşdırılması istiqamətində bütün addımları atdı və atmaqdadır.

Ölkə vətəndaşlarının, xüsusilə həssas təbəqədən olan insanların əməkhaqları, pensiyaları, müavinətləri dəfələrlə artırıldı. 2015-ci ildə baş vermiş iki dağıdıcı devalvasiyadan sonra yaşanmış və cəmiyyətin böyük kəsimini əhatə etmiş, onların narazılığına səbəb olmuş problemli kreditlər məsələsi 2019-cu ilin əvvəllərində birdəfəlik və kökündən həll edildi. Ölkə Prezidentinin analoqu olmayan tarixi fərmanı ilə yüz minlərlə Azərbaycan insanı bank asılılığından canlarını qurtardı.

Eyni zamanda ölkədə kadr və struktur islahatlarının yeni-inqilabi mərhələsinə start verildi. Paralellik təşkil edən strukturlar ləğv edildi və ya başqa qurumlara birləşdirildi, yerində olmayanlar və zamanın, islahatların tələblərinə cavab verməyənlər dövlət idarəçiliyindən uzaqlaşdırıldı, kənarlaşdırıldı. 2019-cu ilin sonlarında islahatlar ab-havasına uyğun olaraq 5-ci çağırış Milli Məclis vaxtından əvvəl buraxıldı və 2020-ci ilin fevralında tam demokratik əsaslarla, şəffaf şəkildə növbədənkənar 6-cı çağırış Milli Məclisə seçkilər keçirildi.

6-cı çağırış Milli Məclisin açılış iclasında iştirak edən ölkə Prezidenti öz tarixi nitqində ölkədə siyasi həmrəyliyin əldə edilməsi üçün bütün qüvvələrə dialoq çağırışı etdi. Parlamentin rəhbərliyindən tutmuş komitə və komissiyalarına qədər hamısı müxtəlif partiyaların Milli Məclisdəki nümayəndələrinin təmsilçiliyi ilə formalaşdırıldı. 30 ildən sonra ilk dəfə olaraq parlamentə xanım millət vəkili Sahibə xanım Qafarova sədr seçildi.

2020-ci ilin əvvəllərindən bütövlükdə dünyanı ağuşuna almış "gizli düşmən" - koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşmədi, bizlərin də qapısını "çağırılmamış qonaq" kimi döydü. Dünyanın aparıcı, nəhəng dövlətlərindən fərqli olaraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti bu bəlaya çox ciddi yanaşdı və onun qarşısının alınması üçün ilk gündən önəmli önləyici addımların atılmasına başladı.

Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, bütün məsələlərdə örnək və nümunə olan Azərbaycan Prezideti və onun ən sadiq, ən yaxın silahdaşı birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əməkhaqlarını həmin fonda ianə etdilər. Eyni zamanda hər ikisi qapalı məkanlarda tibbi maska və əlcəklərdən istifadə etməklə hər kəsə nümunə və örnək oldular. Bütövlükdə 5 milyona yaxın insanı əhatə edən bir neçə milyardlıq sosial paket icraya yönəldildi. Bununla belə, beynəlxalq təşkilatlara, bir sıra dövlətlərə bu dağıdıcı və qorxulu bəlaya qarşı mübarizə məqsədilə kömək, yadım əli uzadıldı, onlara maliyyə dəstəyi göstərildi, növbəti Azərbaycan nümunəsi, Azərbaycan modeli ortaya qoyuldu. Dünya bir daha Azərbaycanı gördü, tanıdı və etiraf etdi.

 Son 4 ilin, bütövlükdə isə 31 illik müstəqilliyimizin ən mühüm hadisələrindən biri və bəlkə də birincisi yaşandı, 30 illik qanlı Qarabağ münaqişəsinə son qoyulması istiqamətində tarixi qərar verildi, bu məsələyə son nöqtə qoyuldu. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın növbəti dəfə törətdiyi qanlı təxribatlara və fitnəkarlıqlara cavab olaraq Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusuna "Vur!", "Hücum!" əmri verildi. Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına keçdi, İkinci Qarabağ Savaşına, Qarabağ və ona bitişik ərazilərin işğaldan azad edilməsinə başladı.

Cəmi 44 günə Azərbaycan torpaqları, Qarabağımız murdar yağı tapdağından, erməni işğalından, erməni əsarətindən qurtuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi onun bütün ərazilərində təmin olundu, ay-ulduzlu, üçrəngli bayrağmız bütün yurd yerlərimizdə qürurla dalğalandırıldı. Düşmən və onun qanlı himayədarları üzərində tarixi və müqəddəs Qələbə və Zəfər əldə edildi. Dağlı-aranlı Qarabağ Vahid Azərbaycan oldu. 10 noyabr Bəyanatı ilə işğalçı və təcavüzkar ölkə Azərbaycan qarşısında təslimiyyətini, məğlubiyyətini elan etdi. 10 dekabr tarixi Zəfər paradı ilə Azərbaycan bir daha dünyaya nələrə qadir olduğunu və ola biləcəyini nümayiş etdirdi.

Bu gün artıq nə Dağlıq Qarabağ deyilən coğrafi anlayış var, nə status-kvo, nə status var, nə cəbhə, nə də ki təmas xətti var. Hamısı cəhənnəmə göndərildi, gorbagor edildi. Bu gün 86,6 kvadratkilometrlik vahid Azərbaycan var. Bu gün məğlub Azərbaycandan Qalib Azərbaycana çevrilmiş əzəmətli Azərbaycan var!

10 noyabrdan, tarixi Qələbə və Zəfərdən sonra Qarabağın dirçəldilməsi, bərpa edilməsi işlərinə start verildi. Ölkə Prezidentinin işğaldan azad edilmiş yurd yerlərimizə səfərləri başladı. Hər bir səfər də öz tarixiliyi ilə yaddaşlara həkk olundu. Tarixi açılışlar, təməlatmalar baş verdi və verməkdədir. Qarabağın, bütövlükdə Azərbaycanın təhlükəsizliyinin təminatı istiqamətində tarixi "Şuşa - Müttəfiqlik Bəyannaməsi" imzalandı. Şuşa şəhərində bir araya gələn Azərbaycan və Türkiyə liderləri-cənab İlham Əliyev və hər zaman yanımızda olan cənab Rəcəb Tayyib Ərdoğan qardaşlığımızın, birlik və bərabərliyimizin daha da dərinləşdirilməsi istiqamətində "Şuşa-Müttəfiqlik Bəyannaməsi"nə mübarək imzalarını atmaqla, bir daha dünyaya "Bir millət-iki dövlət" olduğumuzu əyan və bəyan etdilər.

Uğurlarımızı, nailiyyətlərimizi, Qələbə və Zəfərlərimizi saymaqla bitirib-qurtarmaq olmur. Qalib sərkərdə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti ilə bütün müstəvilərdə hər gün, hər an tarix yazılır, Qələbə və Zəfərlər əldə edilir.

Bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında daha çox Zəfərlərə imza atacaq, imzamızı imzalar içində daha da bərqərar edəcəyik!

 




[email protected]