Lalə Məhərrəmzadə
Bakı şəhəri, Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin
ingilis dili müəllimi, "Azərbaycan bayrağı" mükafatı laureatı
Azərbaycan cəmi 44 gün ərzində apardığı hərbi əks-hücum əməliyyatları nəticəsində Ermənistanın beş ilə işğal etdiyi və sonra da 30 il ərzində müdafiə istehkamları quraraq möhkəmləndiyi əraziləri tamamilə azad etdi. Bu, əlbəttə ki, dünya hərb sənətində müasir lokal müharibələrin aparılma taktikası baxımından öyrəniləcək unikal hərbi münaqişə olacaq. Eyni zamanda da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun əldə etdiyi bu tarixi qələbə Azərbaycanı dünyaya artıq həm də yeni və daha fərqli bir imiclə tanıtmış oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında və müsahibələrində dəfələrlə dediyi kimi, Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və bizim gücümüz də bundadır. Lakin sülhsevərlik acizlik anlamına gəlməməlidir. Mənfur erməni işğalçıları da düşünürdülər ki, zəbt etdikləri torpaqlarımızda əbədi qalacaqlar. Lakin Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz qüdrəti, xalqımızın sarsılmaz birliyi və ən əsası da Azərbaycan xalqının öz liderinə şəksiz inamı düşmənin bütün planlarını bir anın içərisində alt-üst etdi. Bundan sonra da torpaqlarımıza, xalqımıza xor baxanları yalnız belə aqibət gözləyəcək.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərlə başa çatdırdığı Vətən müharibəsinin gedişində baş verən döyüşlər, keçirilən hərbi əməliyyatlar müasir lokal müharibələrin aparılma taktikasına bir çox yeniliklər verdi. Bu baxımdan dünyanın bir çox hərbi ekspertləri tərəfindən ordumuzun döyüş taktikası öyrənilir və yüksək qiymətləndirilir. Müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Keçirilən hərbi əməliyyatların bir unikallığı da bu oldu ki, Azərbaycan Ordusu düşmən tərəfindən beş ilə işğal edilmiş və növbəti 30 il ərzində müxtəlif hərbi-mühəndis qurğuları, müdafiə istehkamları, keçilməz mina sahələri vasitəsilə möhkəmləndirilmiş əraziləri cəmi 44 gün ərzində azad etdi. Bu həqiqətən də ordumuzun yüksək döyüş qabiliyyətindən və Ali Baş Komandanımızın yenilməz iradəsindən xəbər verən bir faktdır. Artıq bütün dünya Azərbaycanı həm də Vətən müharibəsindən qalib çıxan bir dövlət, öz suverenliyini, ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətində olan bir ölkə olaraq tanımaq və qəbul etmək məcburiyyətindədir.
Bir daha başda cənab Ali Baş Komandan olmaqla bütün xalqımızı bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan!
[email protected]