SON XƏBƏRLƏR
İlham Əliyev ölkə gəncliyinə bəyan etdi: Heç bir kənar qüvvə işimizə qarışa bilməz

Dünyanın siyasi arxitekturasını müəyyən edən dövlətlər özlərinin yüzilliklərlə, hətta minilliklərlə ölçülən mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzi vaxtlarda isə tənəzzül və iflas həddinə çatmış, böyük faciələrin astanasından geri dönmüşdülər.

Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan bu qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş dövlətə çevrilib. Bunun yeganə səbəbi isə, əlbəttə ki, İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb.

 

Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkə

 

Bunu təkcə biz yox, beynəlxalq reytinq təşkilatları da açıqladıqları hesabatlarda qeyd edirlər ki, İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə  respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini qəbul edən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı

İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun olaraq  sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışıb.

Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən İlham Əliyevin yürütdüyü siyasət onun xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur.

Bunu şərtləndirən digər amil isə iqtisadi müstəqillikdir. Son 19 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirib.

Əgər bu, baş verməsəydi, bəlkə də indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət yürüdə bilmirlər, yaxud da ki, bunu aparmaqda çətinlik çəkirlər.

Prezident İlham Əliyevin düşünülmüş inkişaf konsepsiyasi ilə Azərbaycan tam müstəqil siyasət aparır, bütün məsələlərlə bağlı öz mövqeyini çəkinmədən ifadə edir. Bu da Azərbaycanın siyasi və iqtisadi çəkisini getdikcə artırır.

 

Ölkəmiz Qafqazda siyasi və iqtisadi güc mərkəzidir

 

Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edərkən İlham Əliyev ölkə gəncliyi qarşısında bir daha vurğuladı ki, Azərbaycan dünyada artıq öz yeri və sözü olan dövlət kimi tanınır: "Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər”.

Həqiqətən də belədir. Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib və bu gün ölkəmiz əksər dövlətlərlə hərtərəfli əməkdaşlıq edir.

Prezident gələcəyin qurucuları, ölkənin aparıcı qüvvəsi qarşısında bir daha qətiyyətlə vurğuladı ki, Azərbaycan müstəqildir və müstəqil siyasət yürüdür: "Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək”.

Xilaskar Ali Baş Komandanın qətiyyətli fikirləri hər bir azərbaycanlıda qürur, fəxarət hissi yaratdı. Gələcəyin aparıcı qüvvəsi olan gənclərə isə stimul verərək əzmkarlıq nümunəsini ortaya qoydu. Hər bir gənc bir daha lider qətiyyətinin nəyə qadir olduğuna  şahidlik etdi.  

Prezident gənclərə uğurlu, düzgün yol, istiqamət verdi. Bildirdi ki, istənilən müstəqil siyasət yürüdən ölkəyə qarşı "hücumlar”, qarayaxmalar, çirkin kampaniyalar aparılır. Əgər zəiflik görərlərsə, bu, daha da güclənir və nəticədə müstəqil siyasətdən əsər-əlamət qalmır. Ona görə də İlham Əliyev əlavə etdi ki, bu səylər davam edəcək. Nə qədər ki, dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davamlı olacaq. Gələcəkdə bu ölkənin gənclərinin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin qurucuları elə etməlidirlər ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət daha da güclənsin. Yalnız belə olan halda Azərbaycanı möhtəşəm uğurlar gözləyə bilər. Gənclər milli maraqları, milli dəyərləri, müstəqilliyimizi qorumaqla bu ölkəni uğurlu gələcəyə apara bilərlər: "Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq”.

44 günlük Vətən müharibəsindəki böyük Zəfərimiz həm də Azərbaycanın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Artıq Azərbaycan regional müstəvidə güc mərkəzidir. Bunun səbəbi təkcə ordumuzun gücü və təbii ehtiyatlarımız deyil. Bu uğurların təməlində İlham Əliyevin yürütdüyü müstəqil siyasət, gələcəyə olan baxışları, uğurlu inkişaf strategiyası və xalq-Prezident birliyi dayanır. Bu birliyin "Dəmir yumruq” kimi birləşmiş gücünə dünya Vətən müharibəsində şahidlik edibdir. İlham Əliyevin söylədiyi kimi, Azərbaycana qarşı istənilən təxribat, hücum "Dəmir yumruq”la əziləcək, məhv ediləcəkdir.




[email protected]