SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib YENİLƏNİB - 2 VİDEO

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

ictimaifikir.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər.

Dövlətimizin başçısı Forumda çıxış etdi.

Prezident İlham Əliyevin

 

çıxışı

- Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.

O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.

İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax, bu salonda, bax, bu yerdə "Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə "Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.

Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl, nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi.

Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm ki, artıq müzakirələrə başlayaq.

XXX

Sonra Forum işini müzakirələrlə davam etdirdi.

XXX

Tədbirin aparıcısı Jalə Həsənli: Çıxışınız üçün təşəkkür edirik, cənab Prezident. Bu gün zalda əyləşən gənclərimizin Sizə çoxsaylı sualları var. İcazənizlə ilk sualımızdan başlayaq. Buyurun xanım, zəhmət olmasa özünüzü təqdim edin.

Bakı Dövlət Universitetinin doktorantı və əməkdaşı Əfsanə Surxaylı: Əvvəla, Gənclər Günündə bizimlə olduğunuz və bizə vaxt ayırdığınız üçün bütün Azərbaycan gəncləri adından Sizə təşəkkürümü bildirirəm. Bir az həyəcanlıyam, əgər nitqimdə səhvlər olarsa, üzrlü sayın. Çox şadam ki, bu gün buradayam və qürur hissi duyuram. Sizin çıxışlarınızı televiziyadan canlı izləyəndə bir məqamı müşahidə etmişəm ki, gənclərimizin milli-mənəvi dəyərlərini xüsusi qiymətləndirirsiniz, hər dəfə xüsusi vurğulayırsınız. Milli-mənəvi dəyərlər bizi digər ölkələrin gənclərindən fərqləndirən əsas üstün cəhətlərimizdən biridir, deyə düşünürəm. Sualım ondan ibarətdir ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyətini necə qiymətləndirirsiniz?

Prezident İlham Əliyev: Sağ olun, çox yaxşı sualdır, təşəkkür edirəm.

Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.

Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Baxmayaraq ki, məsələn, əgər sovet dövrünü nəzərə alsaq, o vaxt marksizm-leninizm ideologiyası hökm sürürdü. Ancaq buna baxmayaraq, qapalı bir cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq.

İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni, hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni, müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik.

Ancaq gənclər, əlbəttə ki, daha tələbkar olur, onlar həyata yeni başlayır. Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bizim gənclərimiz bunu bilir və mən dəfələrlə müxtəlif forumlarda, həm gənclərlə təmaslar əsnasında, həm müxtəlif çıxışlarda bu məsələyə toxunurdum. Çünki bu, aktual məsələdir və bu məsələ aktuallığını heç vaxt itirməyəcək. Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir. Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir - ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.

Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq.

Aparıcı: Təşəkkür edirəm. Cənab Prezident, Sizin başçılığınız ilə və qəhrəman oğullarımızın sayəsində biz cəmi 44 gün ərzində uzun sürən bir həsrətə son qoyduq və torpaqlarımızı işğaldan azad etdik. Bu gün bütün dünya Azərbaycan oğullarının, Sizin qəhrəmanlığınızdan danışır. Aramızda müharibə iştirakçıları var. Mən istərdim onların da suallarını eşidək.

Vətən müharibəsi iştirakçısı Orucəli Abbaszadə: Mən Vətən müharibəsi iştirakçısı, gənclər üçün Prezident mükafatçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru və Sizin iştirakınızla açılan Hərbi Qənimətlər Parkının meneceriyəm.

Cənab Prezident, mənim 24 yaşım var və mən Sizin Ali Baş Komandan olduğunuz dövrdə yetişən gənclərdənəm. Siz Şuşaya səfəriniz zamanı Cıdır düzündə Azərbaycan gəncləri haqqında danışdınız. Milli ruhda böyüyən bu gənclərin, xüsusən də Sizin prezidentlik dövrünüzdə yetişən gənclərin Vətən müharibəsindəki rolunu vurğuladınız. Sualım belədir: milli ruhda yetişən bu gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə vermiş olsun? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol. Həqiqətən bu, belədir.

Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var - həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.

Əlbəttə ki, bu nəslin yetişdirilməsi üçün biz, sadəcə olaraq, hansısa proqramları tərtib edib, müşavirə keçirib, məruzə dinləyib öz işimizi məhdudlaşdıra bilməzdik. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq. Dediyim kimi, müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil edir. Əlbəttə, Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi.

Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar.

Aparıcı: Təşəkkür edirik. Növbəti sualı kim səsləndirmək istəyir? Buyurun.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Babazadə: Cənab Prezident, ilk öncə biz gənclərə verdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Mən şuşalı olsam da, Şuşanı nə görmüşdüm, nə havasını duymuşdum. Lakin ailəmdə uşaqlıqdan həmişə Şuşa haqqında danışılardı. Valideynlərim Şuşa xatirələrindən danışdıqca mənim qəlbimdə Şuşaya qarşı olan məhəbbət daim artırdı. Eyni zamanda, bir inam da var idi ki, biz bir gün mütləq Qarabağa qayıdacağıq, bir gün mütləq Şuşaya qayıdacağıq və belə də oldu. Sizin uğurlu siyasətiniz nəticəsində, qəhrəman gənclərimizin sayəsində, heç vaxt unutmayacağımız şəhidlərimiz sayəsində artıq biz Qarabağa qayıtmışıq. Mən Şuşaya qayıtmışam, Şuşanın havasını duymuşam. Şuşada olduğum müddətdə o gözəllikləri gördükcə, o mənzərələri seyr etdikcə mənim qəlbimdə belə hisslər var idi ki, bir narahatlıq hissi də duyurdum ki, "görəsən, görmədən ötüb-keçdiyim yer oldumu?”, - deyə bir az narahat olurdum.

Cənab Prezident, Siz Şuşa şəhərinin işğaldan azad olunmasını xalqa müraciətinizdə bildirdikdə Sizi televiziya qarşısından izləyən Azərbaycan xalqı, eləcə də biz şuşalılar Sizin çıxışınızın hər saniyəsində fərqli-fərqli hisslər keçirdik. Həm sevindik, həm kədərləndik, həm qürurlandıq. Mənim sualım belədir ki, Siz bütün bu hərbi əməliyyatlara rəhbərlik edən şəxs olaraq, Müzəffər Ali Baş Komandan olaraq, Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Sizə məruzə edildikdə hansı hissləri keçirdiniz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol. Şuşa hamımız üçün əziz, doğma şəhərdir. Şuşada olmayanlar, əlbəttə ki, mütləq Şuşada olacaqlar. İndi, bilirsiniz, avtobus turları təşkil edilir, hər Azərbaycan vətəndaşı Şuşaya gedə bilər. İndi oraya getmək üçün gözəl imkanlar yaranıb.

Mən Şuşada, yəni, müharibəyə qədər 1982-ci ildə olmuşam - iki dəfə, atamla birlikdə. O vaxt – 1982-ci ildə həm yay, həm qış aylarında tədbirlər keçirilmişdi, qışda o şaxtalı, qarlı havada Molla Pənah Vaqifin məqbərəsi açılmışdı. Yay aylarında – avqust ayında Vaqif Poeziya Günləri keçirilmişdi. O xatirələrimi mən daim yaddaşımda saxlayırdım. Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq. O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir. Ancaq Şuşa düşmənə təhvil veriləndə, faktiki olaraq, bu, bir xəyanət aktı idi və bu xəyanəti törədənlər Allah tərəfindən cəzalandırılıb.

Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi.

Əlbəttə ki, Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi, natamam ola bilərdi. Bizim məqsədimiz bizim mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Ermənilər isə artıq biz Şuşanı azad edəndən sonra Şuşanı "İsgəndər-M” raketləri ilə bombaladılar. Düzdür, sonra onu inkar etdilər, sonra hansısa gülməli sözlər dedilər, guya ki, bu "İsgəndər” 10 faiz partladı, yəni, bu, uşaq söhbətidir. "İsgəndər-M” raketi qar əriyəndən sonra orada tapıldı və bu gün bax, buradan o qədər də uzaqda olmayan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Yəni, Şuşa ermənilər üçün yad şəhər idi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbəri də bunu demişdi, mənim sözlərimi təkrarlamışdı. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz? Bütün tarixi abidələri sökmüsünüz? Yaxşı, bu tarixi abidələr Azərbaycan xalqına məxsusdur. Erməni faşist xislətini nəzərə alaraq, bu, bizim üçün sürpriz deyil. Saraylar, məscidlər, erməni vəhşiləri tərəfindən dağıdılıb. Amma bulaqları niyə dağıtmısınız? Yəni, bu, onlar üçün yad şəhərdir. Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?

Bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir. Mənim üçün, sözün düzü, şəhərlər, bölgələr arasında heç bir fərq yoxdur. Hər qarış torpaq mənim doğma torpağımdır və hər bir bölgənin özünəməxsus olan gözəlliyi var. Şuşanın da təbii ki, gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, əlbəttə ki, havası, gözəlliyi. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi və onu da deməliyəm, xüsusilə işğal dövründə.

İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni, bəli Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər. Yəni, mən hesab edirəm, Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər - Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı. Məhz ona görə Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də asan məsələ deyildi.

İşğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu ədalətsizliklə bağlı idi. Çünki mənim üçün Ağdamın da, Zəngilanın da, Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk günündən biz Şuşaya doğru gedirdik. İndi müharibənin gedişatı təhlil edilir, mən bir neçə dəfə bəzi məlumatları artıq ictimailəşdirdim, hamısını yox. Bizim apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı.

Şuşanın azad edilməsi, artıq dediyim kimi, əməliyyat planı əsasında baş vermişdi. Hadrutdan sonra bizim aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdilər. İndi "Zəfər yolu” adlandırdığımız yol yox idi. Şuşaya müxtəlif yerlərdən yaxınlaşaraq, biz hamımız yaxşı bilirdik ki, Şuşanın götürülməsi çox çətin məsələdir. Çünki orada böyük istehkamlar quruldu, biz artilleriya apara bilmədik, zirehli texnikanı apara bilmədik. Yəni, yüngül silahlarla, kim öz üzərində nəyi apara bilib, orada maksimum qumbaraatanlar var idi. Ermənilərin isə tankları, topları - orada güclü istehkamlar qurmuşdular.

Əlbəttə, Şuşadan əvvəl Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır. Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi. Mən əmin idim ki, bizim əsgər və zabitlərimiz Şuşanı azad edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi.

Bu xəbəri alanda mən qürur hissi keçirdim. Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən. Eyni zamanda, əminlik hissi var idi, çünki müharibə hələ bitməmişdi. Düzdür, mən bilirdim ki, artıq müharibənin taleyi həll olundu. Ancaq müharibə hələ bitməmişdi. Ertəsi gün Şuşa, dediyim kimi, "İsgəndər-M” raketləri ilə bombalandı. Xoşbəxtlikdən orada heç bir xəsarət alan olmadı. Əmin idik ki, biz Ermənistanı axıra qədər məğlub edəcəyik. Eyni zamanda, həmin gün mən artıq fikirləşməyə başladım ki, biz müharibədən sonra Cənubi Qafqazdakı yeni reallıqları dünyaya qəbul etdirməliyik.

Ertəsi gün Ermənistan təslim oldu və biz, necə deyərlər, bu bayramı heç bir gün də qeyd etmədən fəal işə başladıq ki, orada möhkəmlənək, bütün mövqelərdə möhkəmlənək və artıq siyasi-diplomatik səylərimizi gücləndirək ki, dünya, aparıcı ölkələr bu reallığı qəbul etsinlər. Bu, bir qədər vaxt apardı. Amma buna da nail olduq.

Aparıcı: Təşəkkür edirik, növbəti sualı eşidək. Kim səsləndirmək istəyir?

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Şəhla Talıbzadə: Cənab Prezident, mən, Sizin təşəbbüsünüzlə Şuşada Topxana meşəsinin bərpası layihəsində iştirak etmişəm. Həmin gün mənim həyatımda qürurverici anlarla yadda qaldı. Biz orda Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri ilə tanış olduq. Biz gənclər işğaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, yenidən qurulması və bərpası işlərində iştirak etməyə hər zaman hazırıq. Cənab Prezident sualım da elə bununla bağlıdır. Bütün bu abadlıq, quruculuq, yenidənqurma işlərində növbəti addımlarda biz gənclərin üzərinə hansı vəzifələr düşür və bununla bağlı bizi hansı təşəbbüslər, hansı layihələr gözləyir?

Prezident İlham Əliyev: Sağ olun. Bərpa işləri geniş vüsət alıb. Keçən il gördüyümüz işlər haqqında kifayət qədər məlumat verilib. Həm mən məlumat vermişəm, həm aidiyyəti qurumların nümayəndələri, eyni zamanda, media vasitəsilə geniş işıqlandırılıb, təkrar etmək istəmirəm. Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.

İnfrastruktur işlərinə gəldikdə, biz keçən il bütün enerji şəbəkəmizi qurmuşuq. Ancaq bildiyiniz kimi, ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edəndə, onlara vaxt verilmişdi. Əfsuslar olsun ki, onlar bu müddət ərzində bizim meşələrimizi qırmışlar, evləri yandırmışlar, eyni zamanda, orada mövcud olan su elektrik stansiyalarını da söküb dağıtmışlar. Ona görə keçən il biz artıq buna başlamışıq. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Bu, həm ümumi enerji potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur obyekti iş yerlərinin yaranmasına gətirib çıxarır. Məsələn, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır. Düzdür, onlar uşaq olublar, onlar sizin kimi gəncdirlər. Amma onlar orada artıq fəaliyyət göstərirlər. Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər.

Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.

Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi... Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm "Ağıllı şəhər” modeli əsasında qurulacaq, "Ağıllı kənd”, yaşıl enerji zonası - bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik. İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir. Ona görə bax, bu torpaqlarda hansı işlər görülməlidir ki, oraya qayıdacaq insanlar, 30 il həsrət içində yaşamış insanlar çox gözəl şəraitlə təmin edilsin.

Mənim o bölgələrə səfərlərim əsnasında o bölgələrdən olan nümayəndələrlə də görüşlərim olub. Onlara da bizim planlarımız təqdim edilib və birlikdə müzakirə etmişik. Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır. Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbul olunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar.

Aparıcı: Cənab Prezident, aramızda fiziki məhdudiyyətli olan insanlar da var. Sizin bu istiqamətdə atdığınız doğru addımların nəticəsidir ki, biz bu gün həmin şəxsləri də cəmiyyətdə aramızda görürük. İstərdim ki, elə həmin xanımın özündən eşidək.

Yazıçı Cəmilə Məmmədli: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Cəmilə Məmmədli: Mən yazıçı və aktrisayam. Düşünürəm ki, artıq "Cəmiyyətimizdə əlilliyi olan gənclər nə bacarır” sual olunmaqdan çıxır. Bunun bir çox isbatlarını görürük. Lakin təəssüf ki, Vətən müharibəsindən sonra əlilliyi olan gənclərin sayı artıb. Artıq əlilliyi olan gənclərin özlərini inkişaf etdirə biləcəkləri, bacarıqlarını nümayiş etdirə biləcəkləri, aparıcı rollarda ola biləcəkləri inklüziv platformalara ehtiyac var. Əlbəttə, biz bu istiqamətdə inkişafı görürük, lakin əlavə olaraq hansı tədbirlər nəzərdə tutulur? Bunları bilmək istərdim.

Prezident İlham Əliyev: Əlbəttə, bu işlər görülür və əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Bütövlükdə deyə bilərəm ki, son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var və mən özüm dəfələrlə yeni obyektlərin açılışında iştirak etmişəm. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Haradasa, bir neçə ay bundan əvvəl Bakıda yeni bir mərkəzin açılışında olmuşam və mən bunu çox qiymətləndirirəm, təqdir edirəm. Çünki Azərbaycan cəmiyyəti, indi belə bir söz var leksikonda - inklüziv olmalıdır. Bu söz yeni olsa da, mənası çox yaxşıdır və əslində, həmişə belə olub. Çünki bu xalqımızın xarakterində var, köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək. Tapşırıqlar verilib və bu istiqamətdə əlavə addımlar atılacaqdır.

Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir. Çünki əfsuslar olsun ki, dünyada müharibələrdən, qanlı toqquşmalardan, münaqişələrdən çıxmış bir çox ölkələr var, amma bu ölkələrdə buna oxşar proqram yoxdur. Mən Ermənistanı demirəm, orada ümumiyyətlə, əlilliyi olan şəxslər cəmiyyətdən kənarlaşdırılıb və müharibədə əlil olan şəxslər də heç bir qayğı ilə əhatə olunmur. Mən bütövlükdə deyirəm. Mən bilmirəm, bu sahədə Azərbaycan qədər bu işləri görən ikinci ölkə var, yoxsa yox. Amma yenə də müqayisə üçün yox, sadəcə olaraq, bizim siyasətimiz bundan ibarətdir. Bax, bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Bu, çox böyük rəqəmdir. Yeddi mindən çox minik avtomaşını, mən bilirəm ki, heç bir başqa ölkədə bu proqram yoxdur. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib - 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Bildiyiniz kimi, bu mənzillər də çox keyfiyyətlidir və demək olar ki, əksər açılışlarda özüm iştirak etmişəm.

Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Mənə verilən son məlumata görə, haradasa, protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var.

Onu da bildirməliyəm ki, mənim göstərişimlə biz mənzil proqramına Vətən Müharibəsi qəhrəmanlarını da daxil etdik. Onların bir qismi ölümündən sonra bu yüksək ada layiq görülüb, şəhid kimi onların ailələrinə dəstək veriləcək. Digər Vətən Müharibəsi qəhrəmanlarına dövlət tərəfindən keyfiyyətli, geniş mənzillərin verilməsi də artıq başlamışdır. Doxsana yaxın Vətən Müharibəsi Qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib. Yəni, dövlət imkan daxilində bu işləri görəcək və biz buna daha geniş prizmadan yanaşırıq. Təkcə müharibə əlilləri yox, bütövlükdə əlilliyi olan şəxslər dövlət tərəfindən daha böyük qayğı ilə əhatə olunmalıdır. Onları fəal işə, həyata cəlb etmək üçün, onların intellektual potensialından istifadə etmək üçün şərait olmalıdır. Bu, çox böyük əhəmiyyət daşıyır və yenə də deyirəm, bu siyasətin aparılması üçün bizdə gözəl milli ənənələr var. İndi dövlətin də imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır, o cümlədən bu il. Bu, mütləq daim diqqət mərkəzində olacaqdır.

Aparıcı: Bəli, elə o diqqətin nəticəsidir ki, bu gün bizim cəmiyyətdə artıq fiziki qüsurlu sözü yoxdur. Fiziki məhdudiyyət var və biz həmin gəncləri cəmiyyətdə gördükdə o məhdudiyyətin xarici görünüşlə bitmədiyinin şahidi oluruq.

Növbəti sualı kim vermək istəyir? Buyurun xanım, sizin sualınız varsa, eşidək.

Ülviyyə Axundova: Cənab Prezident, mən Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyini və Gənclər Təşkilatları Milli Şurasını təmsil edirəm. Hazırda sosial şəbəkələr əsas məlumat mənbəyinə və reallığa çevrilib. Sizin bütün fəaliyyətlərinizi yaxından izləyirik. Həmçinin Vətən müharibəsində həyəcanla bütün paylaşımları izləyirdik. Bu, bizə həm sosial şəbəkələrin əhəmiyyətini göstərdi, həm də bütün məlumatları dəqiq, operativ və birbaşa mənbədən almağımıza şərait yaratdı. Biz gənclərin də bu istiqamətdə müəyyən fəaliyyətlərimiz var və bizim üçün maraqlıdır ki, sosial şəbəkələrdə fəaliyyətimizi necə dəyərləndirirsiniz və bizimlə bağlı bundan sonrakı gözləntiləriniz necədir? Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək. Biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var. Onu da bildirməliyəm ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni, hər kəs gözləyirdi ki, informasiya məkanında Ermənistan, yəni, necə deyərlər, erməni tezisləri üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik, təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə, ikinci növbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün əlbəttə ki, orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır. Çünki Ermənistan da çalışırdı ki, sosial şəbəkələrdə bizimlə mübarizə aparsın, amma onların mübarizəsi müharibədəki mübarizəyə bənzəyirdi - çox alçaqcasına, çox namərdcəsinə. Onların mübarizə üsulu böhtan, yalan və təhqir idi. Bizimki isə həqiqət və necə deyərlər, ümumi davranış qaydalarına riayət etmək əsasında atılan addımlar idi.

Eyni zamanda, biz həqiqəti deyirdik. Hər gün həm mən öz müraciətlərimdə, həm digər orqanlar həqiqəti deyirdik. Ermənilər isə yalan danışırdılar və bu gün də erməni hərbçiləri və orduda mediaya cavabdehlik daşıyan insanlar da orada artıq lağa qoyulur. Yəni, onların adları yalanın rəmzinə çevrilib. Adam nə qədər yalan danışa bilər?! Özü də bu, mənasız bir yalan idi. Çünki gec-tez bu yalanın üstü açılacaqdı. Həm Füzulinin azad edilməsi, həm Hadrutun azad edilməsi, Şuşanın azad edilməsi ilə bağlı erməni rəsmi təbliğatı öz işini yalan üzərində qurmuşdu. Bu da əlbəttə ki, dünya ictimaiyyəti və şəbəkələrdə fəaliyyət göstərən müxtəlif ölkələrdən olan insanlar üçün də hər şeyi göstərirdi və bizə olan hörmət daha da artdı. Ona görə sosial şəbəkələrdəki fəaliyyət, hesab edirəm ki, müharibə dövründə çox uğurlu olub və bütövlükdə indi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrin çox böyük rolu var. Çünki bu, bir yenilikdir və biz hər bir yeniliyə hazır olmalıyıq. Biz o məkanda öz mövqelərimizi əldən verə bilmərik, əksinə, orada daha da güclənməliyik və əlbəttə, Azərbaycan haqqında həqiqətləri çatdırmağa hələ ki, ehtiyac var. Çünki birinci ona görə ki, tam dəqiq məlumat hələ də yoxdur, ikinci, Azərbaycan haqqında, Qarabağ məsələsi ilə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat ötürülür. Görün, 30 il keçib, ancaq bu günə qədər dünyanın bəzi aparıcı ölkələrində informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir. Ona görə yox ki, onlar o nağıllara inanırlar. Ona görə ki, o ölkələrin siyasi maraqlarına cavab verir, yaxud da erməni lobbisinin səslərinə, seçkilərdəki səslərinə ehtiyac var. Ona görə Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Çünki təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında biz erməni lobbisinin, necə deyərlər, uzun erməni qulaqlarını görürük. Yəni, yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib. Onlar başqa adlar altında gizlənirlər, pərdələnirlər, amma biz bilirik, bu, hansı mənbədən qaynaqlanır və biz buna hazır olmalıyıq. Çünki müharibə başa çatdı, mən demişəm ki, biz üçüncü müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim qalib gələsən və bütün ilkin şərtlər bizim xeyrimizə işləyir. Çünki həqiqət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Müharibədəki Qələbə ölkəmizə, xalqımıza olan hörməti daha da artırdı. Sadəcə olaraq, fəallıq, düzgün informasiya kanallarının müəyyən edilməsi, müxtəlif istifadəçilərin kateqoriyalarına uyğun olan informasiya həcminin ötürülməsi – bütün bunlar, əlbəttə ki, böyük səriştə tələb edir, məharət tələb edir. Dövlət orqanları da bu sahədə fəal olmalıdırlar və bizim bir çox dövlət qurumlarımız artıq bu imkanlardan istifadə edirlər. Bu, kütləvi xarakter daşımalıdır ki, biz bu yeni informativ məkanda daim öz həqiqətlərimizi çatdıra bilək.

Aparıcı: Təşəkkür edirik. Növbəti sual. Buyurun xanım.

Tələbə Güllü Hüseynli: Cənab Prezident, mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz? Öncədən çox təşəkkürlər.

Prezident İlham Əliyev: Sağ olun, siz tamamilə haqlısınız, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Məncə artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi Forumu, - bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur - istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün. Nə üçün? Birinci ona görə ki, bizə inam var. İkinci ona görə ki, Azərbaycan sabit ölkədir və Davos Forumunun hesabatlarında - onlar hər il dərc edilir - Azərbaycan bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin islahatlara meyilliliyi indeksinə görə biz birinci onluqdayıq. Təsəvvür edin, dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur.

Əlbəttə ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq


[email protected]