Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyətinin video dərs hazırlama və İKT-dən istifadə bacarıqlarının inkişaf etdirilməsi, prezentasiyaların təqdimatı sahəsindəki qabaqcıl təcrübənin paylaşılması məqsədilə elan olunmuş "Ən yaxşı elektron tədris resursu” müsabiqəsinin qalibi olan akademiyanın pedaqoqika üzrə fəlsəfə doktoru, baş müəllimi Sevinc Rzayevanın video dərs resursu ADİAK fənni üzrə "Effektiv işgüzar kommunikasiya” mövzusundadır.
Emosional intellektin İQ-nü əvəz etdiyi bir mərhələdə kommunikasiya, sosial ünsiyyət, individual özünüdərk, iqtisadi və sosial idarəetmənin hər keçən gün artmaqda olan tələbatı mövzunun yüksək aktuallığından xəbər verir. Video-resurs təlim mərhələlərinin aydın seçilməsi, süjət xəttinin olması, innovativ və orijinal kontenti ifadə etməklə İKT-dən istifadə bacarığı, nitq, zamanlama, audio-video keyfiyyət, pedaqoji bacarıq meyarları baxımından seçilir. Kommunikasiyanın mərhələləri, ilkin anlayışlar, prosesdə istirak edən tərəflər və kommunikasiya aktının ritorik modelini yaradan ünsiyyət alqoritmlərini şərh edən təlimçi inkişafın yeni 4D (düşüncə, davranış, dəyişim, davamlılıq) modelinin gənclər üzərində tətbiqinin onların qlobal düşüncə, şəxsi brenləşmə, individual karyera xəritəsi istiqamətlərində irəliləməsini təmin etdiyini önə çəkir.