TARİXİ QƏLƏBƏMİZ

TARİXİ QƏLƏBƏMİZ
SAMİRƏ MUSAYEVA 
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru, redaksiyanın Fəxri Üzvü


 
Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır. Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz geri çəkilsin. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.
Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.
44 günlük müharibə ərzində də, ondan sonra da Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Bu gün müzəffər Ali Baş Komandan Xocalı qətliamını törətmiş cəllad Köçəryanın, Sarkisyanın kürəyini yerə vurdu, şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi və birliyin başında Ulu Öndərin möhkəm siyasi təməllərini əsas tutan Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti var.




[email protected]