SON XƏBƏRLƏR
TARİXİN ZƏFƏR İLİ

Azərbaycan Ordu­sunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.

Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quru­culuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, son bir neçə ilin statistika­sına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş əzmi haqqında qar­daş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısını qələbə münasibətilə təbrik edərkən, deyib: "Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz.

Hərbi ekspert, "Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçen­konun "Pravda.ru” nəşrinə ordumuzun güc-qüdrəti ilə bağlı açıqlaması da diqqət çəkir. İ.Korotçenko birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışın­dan sonra Azərbaycanda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı, bununla bağlı mühüm tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev 17 illik hakimiyyəti dövründə isə iri infrastruktur neft-qaz layihələrini həyata keçirdi və bundan əldə edilən böyük həcmli valyuta gəlirləri hesabına bütün Azərbaycan, eləcə də ordu sürətlə inkişaf etdi və regionun ən güclü silahlı qüvvəsinə çevrildi.

Burada maraqlı bir məqamı da qeyd etməyi zəruri bilirik. Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərək deyib: "Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusu­na qarşı vuruşduq. Məndən "bəs siz niyə si­lahlanmadınız?”,– deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Bəli, necə deyərlər, əlavə şərhə eh­tiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordu­sunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.

 TARİXİN ZƏFƏR İLİ
KƏRƏM CAHANGİR OĞLU MƏMMƏDOV
BDU, "Diplomatiya və müasir inteqrasiya prosesləri”
kafedrasının dosenti, siyasi elmlər namizədi,
"Heydər Əliyev-98” media medalı mükafatı laureatı 





[email protected]