Qızıl medalların sayı 14-ə çatdı

Paralimpiyaçılarımız Tokioda tarix yazırlar

 

Tokioda XVI Paralimpiya Oyunları başa çatır. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi olduq. Azərbaycanda da Tokiodan medal xəbəri eşitmək ümidi ilə yarışlar böyük həyəcanla izlənildi.

Bundan əvvəl iştirak etdikləri yarışlarda qazandıqları medallarla xalqımızı sevindirən Paralimpiya yığmamızın hesabında 19 medal var. Bunlardan 14-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Ölkəmizin hesabına 13-cü qızıl medalı 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva yazdırıb. Təmsilçimiz bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib. Daha əvvəl L.Vəliyeva 100 metr məsafəyə qaçış yarışında gümüş medala sahib olmuşdu.

Azərbaycana 14-cü qızıl medalı isə para-atletimiz Orxan Aslanov qazandırıb. Uzunluğa tullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




[email protected]