Örnək fəaliyyət

Örnək fəaliyyət 

 

Bu gün dünyanın əksər nöqtələrində Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə assosiasiya olunur. Təbii ki, ölkəmizin müasir dünyaya daha yaxından tanıdılması, xalqımızın milli-mənəvi dəyərlərinin təqdimatı olduqca çətin bir işdir. Burada xüsusi bir plan, bir fəaliyyət gərəkdir ki, ölkə başçısının rəhbərliyi ilə bu fəaliyyət çox uğurla həyata keçirilib. Uzun illərdir Azərbaycanın öz milli kimliyinin tanıdılması, milli dəyərlərimizə sahib çıxılması və inkişaf etdirilməsi, ən əsası humanizmin və vətəndaş birliyinin daha yüksək səviyyəyə gətirilməsi işində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu olduqca yüksəkdir.


Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın Birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdədir. Mehriban xanımın vaxtilə Milli Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti diqqət çəkir. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, fəal deputat kimi seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində minlərlə məhbus azadlığa qovuşub.

UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın Birinci xanım statusunu da şərəflə daşıyıb. Ölkənin Birinci xanımı Prezidentin ən yaxın silahdaşına çevrilməklə, sosial sahəyə xüsusi diqqətlə yanaşıb, öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə çalışıb. 2017-ci il fevral ayının 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edib. Ölkənin Birinci xanımı bu illər ərzində öz fəaliyyəti ilə milli dövlətçilik tariximizdə daha bir ilkin əsasını qoymuş oldu, müstəsna xidmətləri ilə bu tarixin yeni ənənələrini formalaşdırdı. Azərbaycanda Birinci xanım institutunun fəaliyyəti, Heydər Əliyev Fondu kimi ölkə miqyasından kənarda da böyük nüfuza malik olan qurumun uğurları, milli mədəniyyətimizin dünyada təbliği ilə bağlı effektiv həllər, mədəniyyət diplomatiyasının nailiyyətləri bilavasitə bu şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı.

Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşmışdır. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil etmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.

Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Mehriban xanım Əliyevanın genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə diqqəti çəkir. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi. 

Fürsətdən istifadə edərək, Mehriban xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, şərəfli fəaliyyətində davamlı uğur və nailiyyətlər arzu edirəm! 

 Örnək fəaliyyət

Arif Məmmədov

Azərbaycan Respublikasının Əməkdar elm xadimi,

biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir-üzvü,

Rusiya Elmler Akademiyasının xarici-üzvü, 

Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri,

Azərbaycan Milli Aviasiya Akademiyasının Aviasiyada insan amili laboratoriyasının rəhbəri





[email protected]