Çinarə Qəhrəmanova
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan dili kafedrasının dosenti,
"Nizami Gəncəvi-880”, "Azərbaycan xanımı” media mükafatları laureatı
Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.
Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir.
Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.
Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktı dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından "Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış "qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.
Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.
Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb, bu Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi.
Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.
Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar "brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.
Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...
Fürsətdən istifadə edərək, Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edir, can sağlığı, həyat və fəlaiyyətində uğurlar arzu edirəm!
[email protected]