Muğumova Ruxsarə Aslan qızı
Yaqublu kənd tam orta məktəbin direktor müavini,
"Azərbaycan bayrağı” media mükafatı laureatı
Yenicə işıq üzü görən "Zirvədəki Azərbaycanlılar - VI hissə" kitabından:
1963-cü il 28 dekabrda Oğuz rayon Yenikənd kəndində anadan olmuşdur. 1981-1986-cı illərdə Gəncə Dövlət Pedoqoji İnstitutunun fizika riyaziyyat fakültəsini bitirib. 1986-cı ildən Yaqublu kənd tam orta məktəbində riyaziyyat muəllimi işləyib. 2003-cü ildən həmin məktəbdə direktor müavini təşkilatçısı işləyir.
***
Prezidentin işğaldan azad edilmiş bölgələrdə etdiyi açıqlamaların əksəriyyəti bu ərazilərin bərpası mövzusunda idi. Onun təbirincə desək, "sanki bu torpaqlardan vəhşi bir qəbilə keçib”. Bu ərazilərdə nəinki normal bir bina, heç daşı daş üstündə olan yarımtikili də qalmayıb.
İlham Əliyev o xarabalıqların üzərində dayanaraq məğrurcasına bəyanat verdi: tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq!
Ali Baş Komandan 4 il öncə Lələtəpədəki səngərdən "tezliklə bayrağımız Şuşada, Qarabağda dalğalanacaq” deyərkən nə qədər inamlı və əzmli idisə, indi də bu dağıntıların tezliklə gülüstana çevriləcəyini söyləyəndə bəlkə də daha artıq əmin və arxayın idi!
Prezidentin söylədiklərindən aydın oldu ki, işğaldan azad edilən bölgələrin bərpa-quruculuğu xüsusi dövlət siyasəti əsasında reallaşacaq. Öncə düşmən tərəfindən vurulmuş ziyan beynəlxalq ekspertlərin iştirakı ilə dəqiq hesablanacaq. Sonra ərazinin dəqiq uçotu aparılacaq. Azərbaycan və xarici mütəxəssislər yeni şəhərsalma planı əsasında bütün yaşayış məntəqələrinin, infrastrukturun, ekologiyanın bərpası üzrə konkret layihələr hazırlayacaqlar. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək, burada inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları, küçələr, parklar, xiyabanlar, hətta Qələbə abidələri nəzərə alınacaq. Beləliklə, bərpa-yenidənqurma işlərinə başlanılacaq. Qısa müddətdə zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.
İlham Əliyev bu mövzuya da nidasını qoydu: "Hamısını icra edəcəyik, hamısını! Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.
"Qarabağ Azərbaycandır!” - bəyanatının Soçidən Xudafərinədək şərəfli taleyi, zəfər yolu oldu...
İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun əsgəri bu milli şüarı Şuşadan car çəkdi...
Sabah Ağdam "Qarabağ Azərbaycandır!” deyəcək...
Ardınca Kəlbəcər, Laçın "Qarabağ Azərbaycandır!” hayqıracaq...
Bütün millət və məmləkət isə böyük şükranlıq və əbədi minnətdarlıqla hər zaman deyəcək:
Qalib Azərbaycandır!
Qarabağ Azərbaycandır!..
[email protected]