Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.
Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.
Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var.
Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı.