TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!  
Ayşə Məmmədova
ADPU-nun "İbtidai təhsilin pedoqogikası” 
kafedrasının baş müəllimi, pedaqogika üzrə
 fəlsəfə doktoru, "İlin müəllimi”, "Zəfər”
 media mükafatları laureatı

Ustad - bu ifadə Şərqin təhsil sistemində, ümumən Şərq aləmində çox böyük anlamda olan sözdür. Belə bir kəlmə həm sənətdəki mükəmməlliyi, həm bir insanın ən yüksək peşəkarlıq səviyyəsinə çatmasına şərait yaradan ənənələri, həm bu ənənələrin gələcək nəsillərə ötürülməsini, həm də şəxsiyyətə olan böyük sevgi və ehtiramı ehtiva edir.
Qərb dünyasında ustadlara "master” deyirlər və bu da mahiyyətcə eyni məzmun yükünü daşıyan yetərincə tutumlu kəlmədir.
Rəşadətli ordumuzun işğalçı Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayıb torpaqlarımızı düşməndən təmizlədiyi 27 sentyabr tarixindən etibarən hamımız Azərbaycan Ordusunun şanlı hərbi qələbələrinin şahidləri olduğumuz qədər həm də əsl ustad dərslərinin iştirakçılarıyıq. Bu ustad dərslərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevdən alırıq, ondan görüb-götürürük.
Azərbaycan Prezidentinin sərkərdəlik məharəti əslində bizə çoxdan tanışdır. Hələ ölkə rəhbəri kimi 17 il əvvəlki ilk qətiyyətli addımlarından, mətin siyasi iradəsindən, insanları ardınca aparmaq əzmindən, intuisiyasından, yüksək təşkilatçılıq, idarəetmə, detallara diqqət, tələbkarlıq, motivasiya və eləcə də situasiyanı idarəetmə bacarıqlarından bilirdik ki, bu keyfiyyətlər ölkəmizi tarixinin ən böyük sosial-iqtisadi yüksəliş dönəminə yetirdiyi kimi, hərb meydanında da əsl möcüzələr yarada bilər.
Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşləri zamanı işğalçılara verdiyi sarsıdıcı dərs təsəvvürlərimizdə əsla yanılmadığımızı göstərdi.
Ona görə də İkinci Qarabağ müharibəsi zamanı cənab İlham Əliyevin müasir dünyamızın ən parlaq sərkərdələrindən biri olaraq yaratdığı örnək çoxumuza təəccüblü deyil. Eynən bu şəkildə, bu səviyyədə də gözləyirdik, Ali Baş Komandan sadəcə olaraq təsəvvürlərimizdəki əsl Sərkərdə obrazını reallığa çevirir.
Üstəlik, müharibə dövrünün beynəlxalq konvensiyalarda müəyyən edilmiş qayda-qanunlarına tam riayət edilməsi, yeri gələndə düşmənə qarşı comərd davranışları ilə əsl Azərbaycan kişisinə, bu xalqın cəngavər igidlərinə xas cizgiləri bu obrazda daha da möhkəmləndirir. Ermənilərin faşist xislətinə rəğmən humanist tərzini yenə də qoruyur, yağını məğlub etmək üçün gərəkən hər cür qətiyyətli addımları bir an yubanmadan atmaqla bərabər, ümumbəşəri dəyərlərin, insanlığın da unudulmasına imkan vermir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı - bu xalqın Sərkərdəsi məhz belə olmalıdır!
İlham Əliyev 27 sentyabrdan keçən müddətlə 200 illik tarixi, müasir dövrün reallıqlarını dəyişir...
Bu tarixdə dəyişməyənsə milli kimliyimizdir, bizi biz edən dəyərlərimizdir, bu dəyərlərə sədaqətimizdir...
"Mən nəyi, necə, nə zaman etmək lazımdır yaxşı bilirəm” deyən Liderin gələcəyə aydın baxışıdır, münaqişənin həllindən sonra yaranan yeni reallıqları, bu reallıqlar üçün uyğun həlləri düşüncələrində dəqiqliklə şəkilləndirməsidir.
Münaqişə ədalətli şəkildə həllini tapandan sonra Azərbaycan regionda böyük təsir imkanlarına, sosial-iqtisadi, geopolitik maraqlara malik tərəfdaşları ilə qarşılıqlı anlaşma şəraitində, hər kəs üçün böyük faydalar yaradacaq şəkildə Cənubi Qafqaz regionunu dünyanın inkişaf mərkəzinə, sülh və hüzur məkanına çevirəcək. Azərbaycan Prezidenti öz müsahibələri ilə bunun ismarıcını verir, ilkin xəyali mənzərəsini yaradır.
 
Əziz Prezidentimiz, Sizi 24 dekabr doğum gününüz münasibəti ilə təbrik edir, ölkəmizin, Vətənimizin qızıl hərflərlə yazılan yeni tarixinin Sərkərdəsi - Xalqın bir nömrəli Lideri kimi bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edirəm. 



[email protected]