ZƏFƏR TARİXİNİN SƏRKƏRDƏSİ - TƏBRİK EDİRİK!

ZƏFƏR TARİXİNİN SƏRKƏRDƏSİ - TƏBRİK EDİRİK! 
Niyaməddin Məmmədov
Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,
"İlin fəal bələdiyyə sədri”, "Vətənpərvər bələdiyyə sədri”,
"Zəfər” media mükafatları laureatı

Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında vurğuladı ki, 44 gün davam edən müharibədə Azərbaycanın dəmir yumruğu işğalçının belini qırdı, ordumuz möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifə yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu” mifini darmadağın etdi: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən savaşında rəşadətli Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Bu möhtəşəm parad həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, dostluğu, qardaşlığı əbədi və sarsılmazdır.
Azərbaycan Zəfər paradında hərbi potensialını göstərməklə yanaşı, beynəlxalq aləmə də mesajını verdi - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var.
Bu möhtəşəm, təntənəli Zəfər paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq.
 
Cənab Ali Baş Komandan, Sizi 24 dekabr ad gününüz münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının inkişafı yolundakı əvəzsiz və təqdirəlayiq fəaliyyətinizdə uğurlar diləyirəm! 
Yaşa, mənim Prezidentim!




[email protected]