Talıb Əliyev
iş adamı
Biz Qarabağ həsrətilə yaşadıq, torpaqlarımızın bütövlüyü ali məqsədimiz oldu. Prezidentimizə güvəndik, güclənən dövlətimiz və silahlı qüvvələrimiz qələbə əzmimizi daha da möhkəmləndirdi. Hər gün cəbhədən aldığımız ən xırda xəbər belə bizi sevindirdi, xoşbəxt etdi, müqəddəs Qarabağ torpağına ayaq basmaq üçün bizi səbirsizləndirdi. Qızlarımızın gəlinlərimizin, igidlərimizin, ərənlərimizin Şuşada, Cıdır düzündə rəqs edəcəyi günlər, ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-dua sədalarının göyə ucaladığı bu günlərdə ən böyük zəfərin sevincini yaşadıq.
İllərlə həsrətində olduğumuz doğma Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Biz qalib gəldik! Bu qələbə münasibəti ilə ilk növbədə Ali Baş Komandana və Ordumuza, millətimizə, bütün dünya azərbaycanlılarına gözaydınlığı verir, sevincimizi bölüşürük.
Bu sevinci bizlərə yaşadan, doğma torpaqlarımız uğrunda canlarını fəda edən Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik! Siz bizə Qarabağ verdiniz, əziz Şəhidlərimiz! İnanırıq ki, azad Vətən torpaqlarının azad səmasında dolaşan ruhunuz bizlərə yaşatdığınız Qələbəmiz üçün şaddır.
Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır