TARİX YAZAN SƏRKƏRDƏ

 

TARİX YAZAN SƏRKƏRDƏ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həcər Emin qızı Hüseynova-Umani

ADPU, filologiya üzrə elmlər doktoru, professor,

Prezident təqaüdçüsü, yazıçı-publisist


 

Azərbaycanda 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi artıq bir aydır ki, davam edir. Azərbaycanın dilbər güşəsi Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi xalqımız üçün olum ya ölüm, şərəf və ləyaqət məsələsinə çevrilib. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”,- demişdir Ulu Öndərimiz Heydər Əliyev. Eyni zamanda Cənab Ali Baş komandan İlham Əliyevin dediyi kimi, "... Qarabağın azad edilməsi resurs məsələsi deyil. Əsas resurslar burada-Bakıdadır. Bu, ədalət məsələsidir. Bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”, "Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər”.

Minsk Qrupunun rəhbərliyi ilə, guya, həll olunacaq olan Azərbaycan- Ermənistan münaqişəsində həmin qrupun fəaliyyəti sıfır dərəcəsində oldu. Otuz il Azərbaycanı sakitləşdirmək, "hər şey sülh yolu ilə düzələcək”-deyən Minsk qrupu həmsədrlərinin qəbul etdiyi qətnamələr yalnız ermənilərin özünü toplaması, ordu yaratması, bir ucdan Dağlıq Qarabağ və ətraf rayonlarımızın yeraltı və yerüstü sərvətlərini daşınması, maddi-mədəniyyət abidələrimizin məhv edilməsi üçün şərait yaratdı. Düşmən üçün ulu türk babalarımızın yaratdığı və toponimlərimizdə, hidronimlərimizdə yaşayan tarixi salnamələrin silinməsinə, adların dəyişdirilib saxtalaşdırılmasına imkan yaratdı. Düşmən hər şeyi nəzərə almışdı. Bizim içimizdə olan, pula satılmış xainlərin fəaliyyətini də, öz yurdunda qaçqın həyatı yaşayan, mənəviyyatı sarsılmış, qolu-qanadı qırılmış vətəndaşlarımızın sıxıntısını da, yenicə müstəqilliyə qədəm qoymuş Azərbaycanımızın ümumi iqtisadi-siyasi vəziyyətini də...

Lakin düşmənin nəzər almadığı, ağlına belə gətirə bilmədiyi bir çox şeylər vardı. Azərbaycan türklərinin damarlarında axan türk qanının daha səbr edə


bilməyib coşmasını, öz doğma yurd-yuvasından qundaqda ayrılmağa məcbur edilən, qovulan, didərgin salınan körpələrin bir gün tank belində, raketlərlə, dronlarla gəlib haqq-hesab soracağını, xalqımızın milli təəssübkeşliyini, ən əsası isə dünyada, bəlkə də, yalnız türklərə məxsus olan vətən sevgisini, torpaq sevgisini nəzərə almamışdılar. Çünki bu hiss düşmənin özündə yoxdur. Vətəni olmayan haradan bilsin ki, nədir vətənpərvərlik?!

Vətən nədir!? Torpaq sevgisi bu qədərmi güclü olur? Ermənilər bu suala dünyanın sonuna qədər cavab tapa bilməzlər. Bunu ancaq biz bilirik. Bunu Çanaqqalada şəhid olmuş türk oğulları bilirdi, bunu Azərbaycanın hər qarış torpağı uğrunda canını verməyə hazır olan Azərbaycan əsgərləri bilir. Bunu türkdən gözəl bilən, anlayan yoxdur, ola da bilməz!

Türklər heç vaxt qəsbkarlıq üçün, kiminsə ərazilərini ələ keçirmək üçün vuruşmamışlar. "Hər şey vətən üçün”,-deyə müqəddəs savaşa qatılmışlar. Bu yaxınlarda eşitdim ki, bəzi tarixçilər deyirlər, müasir Azərbaycan tarixini yenidən yazmaq lazımdır. Mən bir az fərqli düşünürəm. Mən hesab edirəm ki, Azərbaycan tarixini yazmaq bu gün ən asan işdir. Çünki bu tarix artıq Azərbaycanın Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyevin uzaqgörən, ağıllı siyasəti, qəbul etdiyi qərarlarla, dünya ölkələrinin jurnalistlərinə verdiyi qeyri-adi, ağıllı cavabları ilə, Müzəffər Ordumuzun gənc həyatını torpaq uğrunda qurban verməyə hazır olan igid əsgərlərinin silahları ilə, qanı ilə yazılır. Çünki bu tarixi dünən uşaq kimi baxdığımız, sözlərini ciddi hesab etmədiyimiz, birdən-birə böyüyən, kişiləşən uşaqlar yazır. Hər gün yeni səhifələr yazılır, zəfər xəbərli yeni səhifələr!

Hətta bunlar bir tərəfdə qalsın. Bu igidlər Babəki, Cavanşiri, Koroğlunu geridə qoydular. Onlar Azərbaycan adlı vətənin işğal altındakı torpaqlarını azad edən, cihada qoşulan müasir Mehdi Hüseynzadələrə, Həzi Aslanovlara, Gəray Əsədovlara, Qafur Məmmədovlara... döndülər. Kimdir onlar? Kimdir bu qəhrəmanlar? Azərbaycanın Milli Qəhrəmanı Həmid Şükürov, General Polad Həşimov, Polkovnik Həmdəm Ağayev, Polkovnik-leytenant Babək Ramaldanov, Kapitan Həmid Cəfərli, Elgün Xıdırov, Azər Əliyev..... və onlarla digər zabitlər, gizirlər, əsgərlər. Onların


qanları ilə yazdıqları tarixi heç bir düzəliş etmədən kitablara köçürmək lazımdır. Qarşınızda baş əyirik, Azərbaycan əsgəri!

Eyni zamanda hesab edirəm ki, yalnız Azərbaycanın tarixini deyil, ədəbiyyat, dil, coğrafiya və digər dərslikləri də yenidən yazılmalıdır. Özü də həqiqi vətənpərvər alimlər, müəllimlər tərəfindən. Belə olsa, daha körpələrimizin dərsliklərində erməni bayrağının rənglərini yox, Azərbaycanın müqəddəs üçrəngli bayrağını hər kitabın, hər səhifəsində görərik. Coğrafiya kitablarında ölkəmizin təbii, maddi və mənəvi sərvətlərimizdən danışılar, gələcəyimiz olan yeni nəsillərə bu nemətlər haqqında geniş məlumat verilər. Ədəbiyyat kitablarında Vətən sevgisi ilə həyatı boyu mübarizə aparan, çarpışan, dünyasını dəyişən yazıçı və şairlərimizın, türk dünyasının sayılıb-seçilən oğullarının həyatı tədris edilər, gənclərimiz hələ orta məktəbdən milli ruhda tərbiyə alar, milli-mənəvi təfəkkürə sahiblənər... Nəticədə bugünkündən daha vüqarlı, daha vətənpərvər, daha sağlam düşüncəli Azərbaycan gəncliyi yetişər.

Lakin bu günə qədər nə yaxşı ki, erməni təbliğatının ölkəmizdə işləməsinə baxmayaraq, qəlbinin dərinliklərində Vətən, torpaq sevgisini saxlayıb böyüdən analarımız, doğma yurd yerlərinin, ata-baba ocaqlarının həsrətini ürəklərində qoruyan babalarımız bu sevgini, doğma ocağın hərarətini övladlarına keçirə biliblər. Körpələrimizə vətən sevgisini aşılaya biliblər. Nəticə göz qabağındadır:

1) Heydər Əliyev: "Biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik. Biz öz taleyimizin sahibiyik. Yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Bunu indi əlimizdə saxlamaq, qorumaq lazımdır. Bilin, Azərbaycanın müstəqilliyini əlimizdə saxlamaq, qorumaq hər bir insanın canından artıqdır. Mənim üçün isə Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq və əbədi etmək öz həyatımdan, öz canımdan artıqdır!”

2) Ali Baş Komandan İlham Əliyev: "Azərbaycan xalqının qanı yerdə qalmır. Xocalı soyqırımını törədən cinayətkarları məhv edirik!”

3) Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin dünya siyasətinin aparıcı simalarından biri, Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olması dünya miqyasında qəbul edilir.


4) Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarının, Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi uğrunda müqəddəs savaşa atılan Müzəffər Ordusu dünyaya nümunə olur.

5) Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun azad etdiyi tarixi Azərbaycan torpaqları: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Ağoğlan (Hadrut), Suqovuşan (Madagiz- Ağdərə r.) kəndi, Goranboy rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Xudafərin kəndi və digər iki yüzdən çox kənd işğaldan azad edilib.

6) Azərbaycan dünyaya "Rəhbərə sevgi, Vətənə sevgi, Böyük qələbəyə inam hissi necə olmalıdır?”- sualının cavabını verir.

7) Azərbaycan bütün dünyaya XXI əsrin Siyasi Lideri modelini, Dövlət xalq- birliyi modelini, Müharibə modelini nümayiş etdirir...

Tezliklə Azərbaycanın üçrəngli bayrağının Şuşada, Laçında, Kəlbəcərdə və digər rayonlarda dalğalanması üçün Cənab Ali Baş komandana və onun rəhbərliyi ilə hərəkət edən, müzəffər Azərbaycan Ordusuna dua edirik. Var olsun Gözəl Vətənimiz! Var olsun Dövlət və Xalq birliyi! Var olsun Ali Baş Komandan! Var olsun Müstəqilliyimiz! Yaşasın Azərbaycan!

Sözsüz, torpaq o zaman Vətən olur ki, onun hər qarışı üçün canını fəda etməyə hazır olan, ölümün gözünə dik baxan, sevinclə Şəhidlik zirvəsinə ucalan oğulları, qızları olur. Şəhidlərimiz var! Ruhları qarşısında baş əydiyimiz ŞƏHİDLƏR. Şəhid analarının gözlərindəki kədəri heç nə ilə əvəz edə bilmərik. Lakin analarımız-türk anaları Övladlarının Şəhidlik zirvəsinə ucalması ilə fəxr edirlər. Düşməni zəiflədən daha bir mənəvi sarsıntı da elə budur: ŞƏHIDLIYƏ-ölümə sevinmək! Hər xalqda bu hiss olmur. Bu, Ulu Türkün böyüklüyüdür, əzəmətidir!!!

"Azadlıq heç yerdə verilmir, azadlıq alınır”,-Mir Cəlal. Şəhidlər olmasa, vətən yaşamaz. "Azərbaycan bayrağı” ordenli, müharibə veteranı polkovnik Elmar Hüseynovun dediyi kimi, "...Oğullarımız şəhid olub. Bu, olmalıdır. Vətən savaşı gedir. Şəhidsiz döyüş olmur. Öğullar Vətən üçün yetişdirilir, vətən uğrunda da şəhid olur. Olmalıdır da... Analar bundan sonra da oğullar doğacaq. Lakin Vətən doğulmayacaq. Azərbaycanın güclü ordusu və bütün dünyaya nümunə olan ağıllı


Sərkərdəsi var, Ali Baş Komandanımız var. Biz inanırıq ki, tezliklə düşmən qoşunları torpaqlarımızdan qovulacaq! Azərbaycan zəfər çalacaq! Biz Ali Baş Komandana inanırıq! Biz Müzəffər Azərbaycan Ordusuna inanırıq! Qarabağ Azərbaycandır!”

Can Azərbaycanımızın şəninə zaman-zaman bir-birindən gözəl şeirlər yazılıb, dastanlar qoşulub. Şəhriyar, S.Vurğun, Məmməd Araz və daha kimlər, kimlər ürəklərindəki vətən sevgisini, Azərbaycan yanğısını misralara düzüblər. Məmməd Arazın "Ayağa dur, Azərbaycan!” şeiri bu günümüzlə necə səsləşir! Hamımız ayağa durmalı, Möhtərəm Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməli, Anamız Vətənin yaşaması üçün əlimizdən gələni etməliyik. Həmin şeirdən bəzi məqamları burada qeyd etməyi vacib hesab edirəm: Ayağa dur Azərbaycan!-deyirəm.

 

Nə yatmısan, qoca vulkan, səninləyəm !

Ayağa dur, Azərbaycan, səninləyəm !

Səndən qeyri biz hər şeyi bölə billik.

Səndən qeyri biz hamımız ölə billik.

***

Oyat bizi, ey yaradan, səninləyəm!

Ya birmərrə yatırt bizi, ya birmərrə oyat bizi

Ya yenidən yarat bizi, ey Yaradan, səninləyəm!

Səninləyəm yatmış vulkan, səninləyəm

Ayağa dur, Azərbaycan, səninləyəm!!!

 

Cənubi Azərbaycan ədəbiyyatının, hətta İran ədəbiyyatının-poeziyasının önəmli nümayəndəsi hesab edilən S.M.Şəhriyar Azərbaycan yanğısını, arzu və istəklərini beləcə dilə gətirmişdi:

 

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!


-deyən şairin ruhu qarşısında baş əyirəm. Ruhun şad olsun, ustad,- deyirəm. İgidlərin bu gün Qarabağ uğrunda müqəddəs savaşdadır, Azərbaycanın yeni tarixini yazırlar. Azad olacağıq, yanıb kül olmayacaq, düşməni kül edəcəyik, ustad,- deyirəm. Bundan sonrakı dastanlarımızın baş qəhrəmanı Cənab Ali Baş Komandan İlham Əliyev və Müzəffər ordumuzun cəsur əsgərləri olacaq,-deyirəm.

Yazımı Ali Baş Komandanın fikri ilə bitirmək istəyirəm: "Biz müharibə, qan istəmirik. Biz istəyirik torpaqlarımızı qaytaraq. Biz istəyirik məsələ uzanmasın… Status-kvo yoxdur, mən dəyişdirdim status-kvonu, bax orda-döyüş meydanında. Yoxdur! Təmas xətti yoxdur! Qurtardı getdi! Təmas xəttini darmadağın edib yarıb keçmişik. Düşməni axıra qədər qovacayıq. Biz sona qədər gedəcəyik! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

 

 





[email protected]