VƏTƏN KEŞİYİNDƏ MÜZƏFFƏR ORDU

VƏTƏN KEŞİYİNDƏ MÜZƏFFƏR ORDU

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

Yeganə BAXŞƏLİYEVA

Bakı şəhəri 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, 

"Qızıl qələm" media mükafatı laureatı



O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.

Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!

Günümüzün Azərbaycanının tarix üçün olduqca qısa sayılan zaman kəsiyində böyük inkişaf yolu keçdiyi artıq dünya miqyasında qəbul olunan bir həqiqətdir. Bu inkişaf son 17 ildə Azərbaycan Ordusunda da özünü qabarıq bir formada büruzə verir. Elə ona görədir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Lakin ordunun, eləcə də cəmi Silahlı Qüvvələrin döyüş ruhuna görə siyahı tərtib edilsəydi, şübhəsiz ki, Azərbaycanın adı dünya birinciləri sırasında yer alardı!

Hər şey VƏTƏN üçün!

 

Prezident İlham Əliyev də ordu quruculuğunun əhəmiyyətini bir daha vurğuladı: "17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!”.

Azərbaycan döyüşür... Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi, nə erməninin, nə onun riyakar havadarlarının sahib olmayacağı bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış vətən həsrətindən boy alan silahla nişan alır hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkir. İndi səngərdəki əsgərin sirri elə o məşhur nağılda deyildiyi kimi, hər dəfə doğma torpağına toxunmasındadır, onu məğlubedilməz edən də budur.

Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Bu bir həqiqətdir ki, türk övladı Vətənini, millətini, bayrağını sevir və sevəcək…
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılmışdı.Və budur, artıq bizim bayrağımız Dağlıq Qarabağda, Şuşada, Füzulidə, Qubadlıda, dalğalanır. Eşq olsun Ordumuza! Eşq olsun Ali Baş Komandanımıza!

Fürsətdən istifadə edərək, xalqımızı 9 noyabr Bayraq günü və möhtəşəm Şuşa qələbəmiz münasibəti ilə təbrik edirəm!

 




[email protected]