Tənzilə Rüstəmxanlı: "Biz bir milləti bütövlükdə özümüzə düşmən bilmirik ki...”
Sərdar Cəlaloğlu: "Erməniyə kömək edən azərbaycanlının hərəkətini təqdir edirəm”
Akif Nağı: "Ölürlərsə, qoy ölsünlər... Onlar heç vaxt bizim yaxşılığımıza yaxşılıqla cavab verməyiblər”

Ötən gün Anar Almadatov adlı soydaşımızın Tiflisdən Moskvaya uçarkən təyyarədə yanında ölən erməniyə yardım göstərməsi, hadisədən təsirlənməsi xəbəri müzakirələrə səbəb olub. Soydaşımız hadisəni sosial şəbəkədə belə nəql edib:
"Tiflis-Moskva səfəri... Rostova təcili eniş... Səbəb bir erməni sərnişinin təyyarədə qəfil ölümü... Yanımda oturmuşdu... Erməni sərnişinin ölməməsi üçün əlimdən gələni etdim... 10 yaşında oğlunun və xanımının gözləri önündə öldü... Həyata və işə aid bütün iştaham söndü... İlk dəfə qollarım üstə bir insan öldü... Qədərimdə erməni üçün göz yaşı tökmək də varmış... Uşağının çığırtısı getmir qulağımdan...”
Erməninin kimliyi və başqa təfsilatlar barədə xəbər verilməsə də, olay ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri torpaqlarımızın işğal altında olmasını, erməni vəhşiliklərini bir daha xatırladaraq, düşmən millətin nümayəndəsinə yardım edilməsinin doğru olmadığını bildiriblər. Digərləri isə əksinə, soydaşımızın bu hərəkətini təqdir edir, onun bu davranışının bir daha Azərbaycan xalqının humanist olduğunu bütün dünyaya nümayiş etdiyini vurğulayıb.
Maraqlıdır, bəs tanınmışlardan kimlər yanında ölən erməniyə köməklik edərdi?

Azəri Türk Qadınlar Bilriyinin rəhbəri Tənzilə Rüstəmxanlı sualımızı bu cür cavablandırdı:"Bu bir qədər çətin sual və məsələdir. Amma bir şeyi qeyd edim ki, biz bir milləti bütövlükdə özümüzə düşmən bilmirik ki. Bizim torpağımızı işğal edən, insanlarımızı, əsgərlərimizi şəhid edən erməni ünsürlərini düşmən hesab edirik. Əgər təyyarədə və yaxud hardasa yanında olan insanın hansısa xalqın nümayəndəsi olmasından asılı olmayaraq o duruma düşərsə, ona yardım etmək, əl uzatmaq insanlıq xüsusiyyətidir. Ölən erməniyə yardım göstərməyə çalışan azərbaycanlı, hər halda, humanistlik nümayiş etdirib, insanlıq edib. Bəlkə də mənim də yanımda bu cür hadisə olsaydı, mən də yardım edərdim”.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasi məsələlərlə humanitar məsələləri qarışdırmaq doğru deyil: "Ermənilərin Dağlıq Qarabağı işğal etməsi, vəhşiliklər bir hərbi-siyasi məsələdir. Yəni düşmənçilik siyasi müstəvidədir. Təyyarədə ölən erməni Dağlıq Qarabağın işğalı ilə bağlı prosesdə iştirak etmir ki, deyək ki, o, bizim düşmənimizdir. İnsanlar həmişə bir-birilərinə düşmən olmurlar ki, qeyd etdiyim kimi, müəyyən bir müstəvidə, ideyada, cəhətdə düşmən olurlar. Ona görə də ölən erməniyə köməklik göstərmək istəyən azərbaycanlının hərəkətini təqdir edir və düzgün hesab edirəm. Əksinə, bu bizim millətin üstünlüyünü, böyüklüyünü göstərir”.

QAT sədri Akif Nağının mövqeyi isə fərqli oldu: "Mən heç vaxt, heç yerdə heç bir erməniyə köməklik etməzdim. Hesab edirəm ki, onsuz da hər zaman ermənilərə qarşı humanist yanaşmışıq. Ermənilər təqiblərdən qaçanda, Avropada və digər yerlərdə təzyiqlərə məruz qalanda, mənfi münasibətlə rastlaşanda Azərbaycan onlara qucaq açıb. Dəfələrlə bu hadisə baş verib. Məsələn, 19-cu əsrin əvvəllərində onlara qucaq açmışıq, gəlib ölkəmizdə yerləşiblər, daha sonrakı dövrlərdə, o cümlədən 20-ci əsrin əvvəllərində də belə olub. Amma bunun müqabilində həmişə bizə xəyanət ediblər. Erməni milləti haqqında belə bir fikir bildirirlər ki, onlar lənətlənmiş xalqdır. Onlar heç vaxt yaxşılığa yaxşılıqla cavab verməyib - xüsusən də bizim tərəfimizdən olan yaxşılığa. Onların bizə qarşı törətdikləri vəhşiliklər heç vaxt bağışlanmayacaq. Hətta onlar öz səhvlərini etiraf etmək istəmirlər. Buna görə də hesab edirəm ki, erməni toplumuna qarşı hər hansı humanist addımın heç bir mənası yoxdur. Ölürlərsə, qoy ölsünlər!”
Xalidə GƏRAY
![]()