SON XƏBƏRLƏR
SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında (SOCAR Tower-də) ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib.

Bu barədə İctimaifikir.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, qonağı səmimi salamlayan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən təmsil etdiyi şirkət və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib.

O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılmış uğurlar, ölkənin və bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib. Azərbaycanın qədim neft diyarı olduğunu nəzərə çatdıran SOCAR-ın vitse-prezidenti 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk neft quyusunun qazılması və 1949-cu ildə açıq dənizdə neft hasilatına başlanılmasının, dünya neft sənayesi tarixində mühüm yer tutan digər proseslərin Bakı neftçiləri tərəfindən həyata keçirildiyini söyləyib və qeyd edib ki, neftin boru kəməri ilə nəqlinin təməli də məhz Bakıda qoyulub. Azərbaycanın hələ qədim dövrlərdən Avropanın neft təchizatında əhəmiyyətli rol oynadığı, həmin ənənənin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.

ABŞ-ın Azərbaycanda həyata keçirilən enerji layihələrinə göstərdiyi dəstək və Amerika şirkətlərinin bu layihələrdə iştirak etməsi görüşdə diqqət mərkəzində olub, "Azəri-Çıraq-Günəşli" layihəsində "ExxonMobil” şirkətinin iştirak etdiyi qeyd olunub. 2016-cı ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "ExxonMobil” şirkətinin eks-prezidenti, hazırda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündə Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıldığı bildirilib. Qeyd olunub ki, Amerika enerji layihələrinin inkişafına dəstəyini bu gün də əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə böyük önəm verir. SOCAR-ın İBM və digər nüfuzlu Amerika şirkətləri ilə əməkdaşlıq əlaqələri diqqətə çatdırılıb. 

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən C.Mesnard 2013-cü ildə ştatın qanunverici orqanında Xocalı soyqırımı, ötən il Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrin müzakirəsində və qəbul olunmasında iştirak etdiyini nəzərə çatdırıb. Bakıya səfərdən məmnun olduğunu deyən qonaq Azərbaycanda hasil edilən enerji daşıyıcılarının Avropaya nəqlinin önəmli məsələ kimi gündəmdə olduğunu vurğulayıb və bildirib ki, Bakıda keçirdiyi görüşlərdə Arizona ilə münasibətlərə böyük əhəmiyyət verildiyinə şahid olub.

C.Mesnard Arizona ştatının bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, ölkəsinə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf barədə Nümayəndələr Palatası üzvlərinə məlumat verəcəyini bildirib. Qonaq Arizona və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə, SOCAR-ın bu əlaqələrin dərinləşməsinə daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib. 




[email protected]