Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.
45 yaşlı mütəxəssis məşqçi kimi 70-ci Avrokubok görüşünə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Tiraspolda Moldova "Şerif"inə qarşı keçiriləcək görüşədək 69 dəfə qitə miqyaslı turnirlərdə iştirak edib. Bu görüşlərdən 2-si "Neftçi", 67-si "Qarabağ"ın baş məşqçisi olduğu dövrə təsadüf edir.
2007/08 mövsümündə "ağ-qaralar"ın çalışdırıcısı kimi Avstriya "Rid"i ilə səfər sınağı Qurbanovun Avropada baş məşqçi kimi debütü olub. UEFA kubokunun 10 il əvvəlki matçında 1:3 hesablı məğlubiyyətlə üzləşən mütəxəssis sonradan 30 qələbə sevinci yaşayıb. 20 dəfə bərabərlik görən Qurbanovun komandaları 19 dəfə məğlub olub. Çalışdırıcının yetirmələri rəqib qapılarına 80 qol vurubsa, 64-nü buraxıb.