Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Moskvada Rusiya Hesablama Palatasının ev sahibliyi ilə keçirilmiş Xəzər dənizinin ətraf mühitinin müdafiəsi və su bioresurslarının qorunması sahəsində çoxtərəfli auditinin keçirilməsinə hazırlıqla bağlı tədbirdə iştirak edib.
Bu barədə İctimaifikir.az Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, tədbirə Xəzəryanı dövlətlərin Ali Audit Qurumlarından Azərbaycan və Rusiya Hesablama Palatalarının, İrannın Hesablama Məhkəməsinin, həmçinin İrannın Rusiyadakı səfirliyinin nümayəndələri qatılıb. Bildirilib ki, 2006-cı il avqustun 12-dən qüvvəyə minmiş "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası bütün Xəzəryanı ölkələrdə regional əməkdaşlıq üçün bir çərçivə rolunu oynayır. Konvensiya ilə əlavə fəaliyyət mexanizmi kimi müvafiq köməkçi sənədlərin, o cümlədən prioritet sahələr üzrə protokolların hazırlanması nəzərdə tutulub.
"Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş Azərbaycanın 16 dekabr 2014-cü il tarixli qanunu ilə təsdiq edilib. 2016-cı ilin 21-23 iyun tarixində keçirilmiş Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı sessiyasında Sazişin depozitarisi olan Rusiyanın təqdim etdiyi bildirişə əsasən həmin Saziş bütün Xəzəryanı ölkələrin Parlamentləri tərəfindən ratifikasiya olunaraq 24 may 2016-cı il tarixindən qüvvəyə minib.
Dəyirmi stol iştirakçıları "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin bütün Xəzəryanı dövlətlər üçün strateji vacibliyini vurğulayaraq Xəzər dənizinin su bioloji resurslarının qorunması üzrə keçiriləcək auditin mövzusunun aktual olduğunu qeyd ediblər. Eyni zamanda auditin aparılmasında bütün Xəzəryanı dövlətlərin iştirakının vacibliyini nəzərə alaraq Qazaxıstan və Türkmənistanın Ali Audit Qurumlarının da bu prosesə cəlb edilməsi məqsədəuyğun hesab edilib.
Səfər çərçivəsində Azərbaycan və Rusiya Hesablama Palatası nümayəndələrinin ikitərəfli görüşündə Ali Audit Qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair bəzi məsələlər də müzakirə olunub.


















