İyulun 26-da SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir.İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Heriot-Watt Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə magistr təhsilini başa vurmuş Rəcəb Nəbiyevin hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzun xaricdə təhsil aldığı ixtisas və ali təhsil müəssisəsi, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat vermişdir. Hesabat dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzuna ixtisasına uyğun müvafiq iş yeri təklif edilmişdir. İclasda həmçinin, proqrama müraciət edən 14 nəfər - 11 magistr və 3 bakalavr namizədin Təqaüd Proqramına qəbul olunması məsələsinə də baxılmışdır.
Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 23 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 256 nəfər təhsilini başa vuraraq geri qayıtmış, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.