Ölkəmizin regiondakı nüfuzu Ermənistanı qat-qat üstələyir

Xəbər verildiyi kimi, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfəri çərçivəsində həmkarı Vladimir Putinlə görüşüb.

Ölkəmizin regiondakı nüfuzu Ermənistanı qat-qat üstələyir

Soçi şəhərində keçirilən görüşdə ölkəmizlə Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Görüşdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib. İki ölkə arasında münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Prezidentlər strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün görülməsi vacib olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu prezidentlərin Soçi görüşünü qəzetimizə şərh edərkən bildirdi ki, görüşdə Rusiya Prezidenti Vladimir Putin etiraf etdi ki, regionda vəziyyət mürəkkəbdir: "Vəziyyət mürəkkəbdir dedikdə əvvəla regionu geniş mənada nəzərdə tutur. Tutaq ki, buraya ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin gərginliyi daxildir. Deməli, Rusiya Prezidenti Vladimir Putin geniş mənada regional gərginliyi müzakirə edərək Azərbaycanla fəaliyyətini koordinasiya etmək istəyir. Eləcə də məhdud mənada region dedikdə burada əsasən Cənubi Qafqazda gedən proseslər nəzərdə tutulur. Təsəvvür edin ki, Gürcüstan artıq Qərbə tərəf xeyli "yol gedib”. Ermənistan isə Qərbə meyillənməkdə Gürcüstandan çox qabaqdadır”.

M.Əhmədoğlu söylədi ki, Ermənistan bu yaxınlarda NATO-nun Rumıniyada keçirilən tədbirində iştirak etdi: "NATO-nun Gürcüstan ərazisində keçiriləcək hərbi təlimlərində də iştirak edəcək. Bu isə Rusiyanın maraqları ilə ziddir. Ona görə də regional gərginlik dedikdə, bizim regiona aiddirsə, Rusiya Prezidenti bunu nəzərdə tutur. Yəni, bu məsələlərin həllini Azərbaycan Prezidenti ilə birlikdə axtarır, fəaliyyətini koordinasiya etmək istəyir. Ona görə də Soçi görüşü mühüm əhəmiyyətə malikdir. Bu kontekstdən yanaşdıqda artıq bəllidir ki, sanki Ermənistan təcrid olunmuş dövlətdir. Azərbaycanın regiondakı nüfuzu Ermənistanı qat-qat üstələyir. Bu amilə Qarabağ münaqişəsinin tənzimlənməsi müstəvisində də yanaşmaq lazımdır”.





[email protected]