Bir nazirin, bir icra başçısının kreslosu, Prezident Administrasiyasında isə üç şöbə müdirinin yeri boşdur...
Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatından artıq 1 ay 20 gündən çox vaxt keçir. Natiq Əliyevin vəfatından sonra əksəriyyət onun barəsində müsbət fikirlər söyləyib, Allahdan rəhmət diləyirdilər. Nazirin vəfatından sonra Energetika Nazirliyinin müvəqqəti olaraq idarəçiliyini nazir müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov həyata keçirirlər. Ehtimal olunurdu ki, nazirə hörmət əlaməti olaraq yeni təyinat üçün onun 40 mərasiminin keçirilməsi gözlənilir. Lakin artıq N. Əliyevin ölümündən 40 gündən də çox vaxt keçir və hələ də heç bir təyinat yoxdur. Burada bir məqam da müzakirə obyektindədir. Belə ki, Natiq Əliyevin yerinə təyinat olmaya da bilər. Ehtimallara görə, Energetika Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Neft Şirkəti ilə (SOCAR) İqtisadi İnkişaf Nazirliyinin bazasında olan Yanacaq-Energetika Departamenti arasında bölüşdürüləcək.
İqtisadçılar hesab edirlər ki, bu struktur dəyişikliyi əvvəlcədən nəzərdə tutulurdu. Çünki postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Amma N.Əliyevin peşəkar fəaliyyətinə görə bu islahata gedilmirdi. Fakt budur ki, hazırkı məqamda nazirlik ləğv edilməyib və nazir postu boş qalıb.
Bundan əlavə, Azərbaycan prezidenti İlham Əliyevin bu iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.
İbrahim Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb "Sovetski”dəki "Hacı Cavad" məscidinin söküntüsü olub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının tapşırığının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar verildiyini deyib.
"Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib”, - deyə Əli Həsənov qeyd edib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.
İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.
Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
Buna səbəb isə Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünə qarşı xuliqanlıq etməsi olub. Bu vəzifəyə də heç bir təyinat olmayıb.
Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi - şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular ki, onların da yerləri hələ ki boş qalıb.
Prezident Administrasiyasında yeni yaradılan İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə də rəhbər təyinatı olmayıb.