AYB Nizaminin Dərbənddə dağılan parkından xəbərsizdir

Musa Yaqub: "Özümüz orda bina tikirik, bundan böyük həqarət varmı?!”

Dərbənd şəhərində yerləşən, bərbad vəziyyətə düşən dahi Nizami Gəncəvi adına parkın və həqarətlərə məruz qalan heykəllə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, bugünlərdə Dərbənd səfərindən qayıdan "Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyevin istipress.az saytına verdiyi məlumata görə, parkda yenidən yanğın törədilib:

"Ötən həftə burada yanğın baş verib. Müəyyən ərazilərdə kol-kos yanıb. Heydər Əliyev prospektinin kənarında yerləşən park çox acınacaqlı durumdadır. Bu barədə dəfələrlə yazmışıq. Təxminən yeddi hektar sahəni əhatə edən parka zaman-zaman təcavüz edilib. Gah Nizami Gəncəvinin heykəlinin barmaqları sındırılır, gah da kol-kosa od vurulur. Təbii ki, müəyyən təxribatçı qrupların işidir. Məsələ bunda deyil. Bəs biz niyə Dərbənd şəhərində dahi şairimizin adını daşıyan parka belə laqeyd yanaşırıq?”

Jurnalistin sözlərinə görə, H.Əliyev adına prospekt təmir olunanda parka da bəzi tikinti avadanlıqları gətirilib və bu iş Azərbaycan tərəfindən maliyyələşdirilib. Lakin prospektdə təmir işləri tam başa çatmayıb, parkda isə heç bir iş görülməyib. Jurnalist həmçinin qeyd edib ki, Dərbənddəki Nizami Gəncəvi adına parkın vəziyyəti Azərbaycan xalqı üçün təhqirdir.

Image result for Nizaminin Dərbənddə dağılan parkı


Ötən ilin iyun ayında isə Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, Gəncənin sabiq millət vəkili Abbas Abbasovun oğlu Aydın Abbasovun adının park məsələsinə qarışması problemi növbəti dəfə gündəmə qaytarmışdı. Belə ki, "RİA Dagestan” agentliyinin yaydığı məlumata görə, parkın yanında çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirilir. Agentliyin məlumatına görə, sürətli templə "Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Dağıstan mediasının yazdığına görə, tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə, iyunun 20-nə olan məlumata görə, binanın artıq 7-ci mərtəbəsi tamamlanmışdı.

Image result for Nizaminin Dərbənddə dağılan parkı


Rusiya saytının yazdığına görə isə tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilir. Dərbənddəki həmyerlilərimiz bildirirlər ki, xəbərin bu hissəsi doğru deyil. Hotelin tikinti işləri parkın kənarındakı sahədə aparılır...


Son illərdə dəfələrlə adıçəkilən parkın, dahi şairin heykəlinin bərbad vəziyyətə düşməsi, yandırılması, təhqir olunması ilə bağlı məlumatlara rast gəlmişik. Hətta iddialara görə, parkda nə vaxtsa tualet açılıb, sirk təşkil olunub və sairə. 
İki il öncə də report.az saytının müxbiri məlumat yayaraq bildirmişdi ki, abidənin barmaqları qırılıb, heykələ dəfələrlə xəsarətlər yetirilib, dahi Azərbaycan şairinin adına olan park xarabalığa çevrilib. Parkın ətrafı isə əsl zibilxanaya çevrilib. Məlumatda o da bildirilirdi ki, abidənin və parkın mühafizəsi ilə bağlı polisə və Ümumrusiya Azərbaycanlıları Konqresinin Dərbənd regional bölməsinin sədrinə müraciətlər olsa da, vəziyyətə adi hal kimi yanaşılıb.


Həmin ildə heykəlin yandırılması, üzərində təhqiredici sözlərin yazılması ilə bağlı da fotolar yayılmışdı. "Turan” agentliyi böyük Azərbaycan şairinin və mütəfəkkirinin heykəlinə həqarətli münasibəti əks etdirən fotoşəkilləri təqdim etsə də Dərbənd şəhər rəhbərliyi məlumatları təkzib etmişdi. Fotoşəkillərin əyani şəkildə isbatladığı reallığı şəhər rəhbərliyinin hansı səbəbdən təkzib etməsi, bu cür vandalizmin arxasında hansı məqsədlərin durması suallar doğurmuşdu. Sonradan sabiq deputat oğlunun adının bu məsələyə qarışması sanki bu sualların çözülməsinə bir ip ucu oldu.


Maraqlıdır, bəs Azərbaycanın aidiyyəti qurumları niyə dahi şairə qarşı edilən bu cür həqarətlərə, hörmətsizliyə, biganəliyə göz yumur, susqunluq nümayiş etdirir? Bu məsələdə məsuliyyət kimin üzərindədir?


Mövzu ilə əlaqədar Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı. 
Bəs Azərbaycan Yazıçılar Birliyi məsələ ilə bağlı hansı tədbirləri görüb?


Qurumun katibi Rəşad Məcid olaydan xəbərsiz olduğunu bildirdi:


"İlk dəfədir ki, sizdən eşidirəm. Bu olaylar nə zaman baş verib?”

Image result for Musa Yaqub


Azərbaycanın sevimli şairi Musa Yaqub isə qeyd etdi ki, dahi şairə qarşı edilən hörmətsizlik çox ağır dərddir: "Dərbənd bizim şəhərimizdir. Bu gün ola bilsin ki, bizdə deyil, amma Azərbaycan torpağıdır. Yaxşı, bu məsələ bir yana qalsın, axı Nizami Gəncəvi tək Azərbaycanın deyil, bütün dünya ədəbiyyatının, dünyanın şairidir. Buna görə ona Dərbənd də doğma münasibət bəsləməlidir. Bu məsələ məni xeyli çaşdırıb... Dünyamız həmişə müdriklər hesabına yaşayıb, indi Nizami də dünyada ən böyük müdriklərdən biridir. İndi ona qarşı bu cür həqarətlər axı nəyə lazımdır? Biz ona diqqət etməliyik, Dərbəndi həmişə nəzərdə saxlamalıyıq. AYB və bütün yazıçılar, şairlər buna öz etirazını bildirməlidir. Tutaq ki, Dərbənd şəhər rəhbərliyi bu olayı təkzib edir, amma gözümüz görür axı. Xüsusən də özümüzünkülərin ona qarşı həqarətini görürük, həmin parkda bina tikirlər. Yəni bundan böyük həqarət varmı?! Bütün günah bizdədir, biz özümüz öz şairimizi, adımızı, sözümüzü, Dərbəndimizi qoruyub saxlamalıyıq. Qədir bilməyimiz qalsın bir yana, heç olmasa qədirbilənlərin qədrini bilək. Nə deyim bu cür olaylara... ”




[email protected]