Bu xətdəki mikroavtobusların əksəriyyəti bərbad durumdadır; Bakı Nəqliyyat Agentliyinin sözçüsü: "Onların fəaliyyəti qanunsuzdur, sərnişinlərin həyatına birbaşa təhlükədir...”
Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəzadan nə sürücülər, nə də sərnişinlər bir nəticə çıxarmayıb. "20 Yanvar” metro stansiyası ətrafında qeyri-qanuni fəaliyyət göstərən onlarla sərnişin avtobusu yenə işindədir. Həmin sürücüləri kiminsə həyatı, təhlükəsizliyi maraqlandırmır. Əsas məqsədləri pul qazanmaqdır.

DYP və PPX əməkdaşları dəfələrlə Bakıdan Sumqayıta qanunsuz işləyən marşrut sürücülərinə qarşı reydlər keçirsə də, bunun qarşısını tamamilə almaq mümkün olmayıb. Müşahidələrimiz zamanı artıq istifadəyə yararsız olan marşrut avtobuslarının "20 Yanvar” metro stansiyası ətrafında sərnişin yığdıqlarının şahidi olduq. Qeyri-qanuni xidmət göstərən Bakı-Sumqayıt marşrutlarının əksəriyyəti bərbad durumdadır. Mikroavtobuslar isə necə deyərlər, tökülüb-itir.
Hər gün sərnişinləri ölüm təhlükəsi ilə üz-üzə qoyan, yolda sürət həddini aşıb bir-biri ilə yarışa girən sürücülərlə sərnişin qismində həmsöhbət olduq. 1997-ci il istehsalı olan "Ford” markalı sərnişin avtobusunun sürücüsü gizli-gizli işlədiklərini etiraf etdi: "İş yoxdu, brat. Olsa da, qoymurlar işləməyə. Elə bilirsən mənə xoşdu günün altında durub ”"Sumqayıta 60 qəpik" qışqırmaq? Evdə 3 uşaq məndən çörək gözləyir. İçəri girəndə əlimə baxırlar. Bir sürücü ehtiyatsızlıq edib, 5 nəfəri ölümə aparıb. Elə bu səbəbdən də bizim işimiz çətinləşib. DYP ilə gizlənqaç oynayırıq. İllərdir bu xətt üzrə işləyirəm, bir dəfə də olsun qəza etməmişəm".
"20 Yanvar” metro stansiyası ətrafında işıqlarını yandırıb, mikroavtobus sürücülərini qovan polis əməkdaşlarının da fikirlərini öyrəndik: "Özünüz də görürsüz ki, bayaqdan qanunsuz işləyən Bakı-Sumqayıt marşrutlarına sərnişin götürməyə imkan vermirik. Avtobuslar yalnız ”Avtovağzal" ərazisindən işləyə bilərlər. Onların fəaliyyəti qeyri-qanuni hesab olunur. Buradan sərnişin daşıyan sürücülərə müvafiq cərimələr tətbiq olunur. Çətin olsa da, bu problemin öhdəsindən gəlməyə çalışırıq".
Qeyd edək ki, Bakı-Sumqayıt xətti üzrə çalışan mikroavtobusların bir neçəsi adıçəkilən metro stansiyasının ətrafında olan binaların həyətində və ara küçələrdə dayanıb sərnişin götürür. Bu məlumatı bizə adının çəkilməsini istəməyən taksi sürücüsü verdi: "Biləcəri-Xırdalan avtobusları istiqamətində olan binaların həyətlərində qeyri-qanuni işləyən mikroavtobuslar dayanır. Metrostansiyanın ətrafındakı sərnişinləri sürücülərin köməkçisi ora yola salır. Binaların həyətinə piyada 100-150 metr məsafə olduğundan, 60 qəpiklik yolu 50 qəpiyə getmək üçün sərnişinlər bu əziyyətə qatlaşırlar. Bu mikroavtobuslarda gediş haqqı ucuz olduğundan sərnişinlər ”Avtovağzal" kompleksinə getmirlər. Sürücülərin bu manevri sərnişinləri cəlb edir. Lakin həyatları üçün nə qədər təhlükəli addım atdıqlarının fərqində deyillər".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, Bakı-Sumqayıt arasında işləyən mikroavtobusların sərnişindaşımada ciddi təhlükə yaratdığını bildirdi: "Bu nəqliyyat vasitələri əslində yükdaşıma üçün nəzərdə tutulsa da, sonradan edilən konstruksiya dəyişikliyi sayəsində bunlarla sərnişin daşınır. Lakin birmənalı olaraq qanunsuzdur, sərnişinlərin həyatı üçün birbaşa təhlükədir. Sumqayıt yolunda baş verən qəza bunun əyani sübutudur. Bu gün paytaxtın marşrut şəbəkəsində bu tip nəqliyyat vasitələri ilə sərnişin daşınması qadağan edilib. Lakin bizim paytaxt ərazisində apardığımız müşahidələrə, sərnişinlərin çoxsaylı müraciətlərinə əsasən deyə bilərik ki, bu gün hələ də bu nəqliyyat vasitələri ilə qanunsuz sərnişindaşıma ilə məşğul olanlar var. Metronun ”Əhmədli", "Koroğlu”, "Qara Qarayev” "20 Yanvar” stansiyalarının ətrafında da belə nəqliyyat vasitəsi ilə sərnişin daşınmasına rast gəlmək mümkündür. Bundan əlavə, müxtəlif kənd və qəsəbələrdə bələdiyyə avtobusu adı ilə də yararsız, heç bir standarta uyğun olmayan bu tip nəqliyyat vasitəsilə sərnişindaşıma halları mövcuddur".
M.Ağayev məsələnin ciddiliyini nəzərə alaraq və Sumqayıt yolunda baş verən ağır qəzanın təkrarlanmaması üçün səlahiyyətləri çərçivəsində bütün zəruri addımları atdıqlarını bildirdi: "Biz keçən həftə mikroavtobusla qanunsuz fəaliyyət göstərən bir nəfər sürücünü BNA-ya çağırdıq. Onun sənədləri tədbir görülməsi üçün müvafiq qurumlara göndərildi. Lakin bu işdə təkcə bir qurumun tədbir görməsi kifayət etmir. Müvafiq dövlət qurumları səylərini birləşdirib buna qarşı ciddi tədbir görməlidir”.









