"Prezident İlham Əliyev məmurları daim xalqa nümunə olmağa çağırıb və hökumətin son iclasında bu məsələyə bir daha diqqət yetirdi. Hesab edirəm ki, cənab prezident tamamilə haqlıdır. Siyasi elita ölkədə bütün məsələlərdə digərlərinə yaxşı nümunə olmalıdır. Bu mənada dövlət başçısının bu çağırışını dəstəkləyirəm".
Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından əvvəl də dəfələrlə məmurların və onların ailə üzvlərinin davranışı ilə bağlı məsələlərə toxunub:
"Məsələn, dövlət başçısı avtoxuliqanlıq edənlər haqqında da təxminən belə bir fikir bildirmiş və xəbərdarlıq etmişdi ki, bəzi məmurların övladları da belə hərəkət edirlər və mən onların sığındıqları adamları işdən azad edə bilərəm. Cənab prezident bütün məsələlərdə həmişə bildirib ki, dövlət məmuru qulluqçudur və millətin qulluğunda durmalıdır".