Ali Məhkəmə “üsyankar müstəntiq”i həbsdə saxladı

Eldar Sabiroğlu: "Oğlumun həbs qərarını qüvvədə saxlayan hakimi vaxtilə bolluca tərifləmişdim...”

İyulun 11-də Ali Məhkəmə Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra həbs olunan Rüfət Səfərovun kasasiya şikayətini təmin etməyib. Prosesə hakim Gülzar Rzayeva sədrlik edib. R.Səfərov məhkəmə heyətinə etiraz etməyib. Vəkillər Bəhruz Bayramov, Yalçın İmanov və Fariz Namazlı keçmiş müstəntiqin günahının olmadığını, ittihamların istintaqda və məhkəmədə sübut olunmadığını, istintaqın və məhkəmələrin qanun pozuntuları ilə keçirildiyini bildirib. Vəkillər məhkəmədən cinayət işinə xitam verilməsi və Rüfət Səfərova bəraət verilməsi barədə qərar qəbul etməsini xahiş edib.

Vəkil Yalçın İmanov deyib ki, məhkəmə vəkilə və Rüfət Səfərova son çıxışa hazırlaşmaq üçün vaxt verməyib. "Hüququn əsas prinsipi belədir: ”Bir şahid şahid deyil". İstənilən adam istənilən şəxsə şər ata bilər və istədiyini deyə bilər. Rüfət Səfərova qarşı deyilən rüşvəti sübut edən hər hansı fakt yoxdur və təsdiq edilməyib".


Vəkilin və R. Səfərovun son söz deməsi üçün birinci instansiya məhkəməsi cəmi 15 dəqiqə vaxt verib. "Şəxsin özünü müdafiəsi üçün hazırlaşmağa cəmi 15 dəqiqə vaxt verilirsə, bu məhkəmənin sifsarişi notarial qaydada təsdiqi kimi başa düşülməlidir” deyə, Y. İmanov qeyd edib.


R.Səfərovun atası Eldar Sabiroğlu isə məhkəmə barədə sosial şəbəkədəki statusunda qeyd edib ki, bu dəfə oğlunu dəmir barmaqlıqlar arasına yox, şüşəli qəfəsin içərisinə salmışdılar. "Sanki qatı cinayətkar kimi qaçışından ehtiyat edirdilər” deyən E.Sabiroğluna görə, müttəhimin anası Tahirə xanımla bu mənzərəni seyr etmək onlara son dərəcə ağır gəlib: "Övladım bir günahın sahibi deyil, amma həbsxanadadır. Güvəncimiz yenə Uca Rəbbimizədir. Yalnız onun ədalətinə inanır və tapınırıq. Gün gələcək ki, qaranlıqların üzərinə bir işıq düşəcək, həqiqəti, doğruları dediyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfətin və digər günahsız həbs edilənlərin əzablı taleyi aydınlığa çıxacaq. Arzuları çoxdur Rüfətin. Allah yerdə qoymaz yəqin”.


Oğlunun şüşəli qəfəsin içində çox məğrur göründüyünü deyən E.Sabiroğlu özünün, anasının və məhkəmədə iştirak edən dostlarının onun cəsarətli, məntiqli çıxışından qürur duyduğunu vurğulayıb: "Bu məmləkətdə müstəntiq vəzifəsinin nə demək olduğunu hər kəs gözəl bilir. Rüfət karyeranın və komfortun, gün-güzəranın üzərindən xətti çəkib ədalətli bir ölkədə yaşamaq üçün istefa verib haqqın tərəfində durdu. Əgər rüşvəti belə sevən idisə nədən vəzifəsindən ayrılırdı? Qalıb işləyər, bir tərəfdən də o çapıb- talayardı. Ancaq istefasından sonra üzünə öyrədilmiş idarə rəislərini qoyaraq onu ”içəriyə" atdılar."


E.Sabiroğlu oğlunun həbs qərarını qüvvədə saxlayan hakim barədə də maraqlı faktlar yazıb: "Ali Məhkəmənin hakimi Gülzar Rzayeva ədalətsiz hökmü qüvvədə saxladı. Həmin an qeyri-ixtiyari gözlərim Gülzar xanıma dikildi. Onun hakim kimi Milli Məclisdə təsdiq edildiyi anları xatırladım. O zaman rəhmətlik Murtuz Ələsgərovdan söz alaraq Gülzar xanım Rzayevanı bolluca tərif etmişdim. Bilmirəm yadında qalıb, ya yox. Xatırlasa belə, indi onun üçün yəqin ki heç bir əhəmiyyəti yoxdur.Çünki ona və onun kimilərə rəyasət lazımdır. Rəyasət! Amma vaxtilə etdiyim həmin çıxışa görə peşman deyiləm. Və etdiyim tərifləri də həmin hakim xanıma halal edirəm. Nəhayət, hakim qərarını bitirdi. Rüfətin anası Tahirə xanım isə salonda yox idi. Sən demə, ana övladına su alıb gətirmək üçün yaxınlıqdakı mağazaları gəzirmiş. O, yubandı. Gülzar xanımın oxuduğu son qərarı eşidə bilmədi. Mən isə diqqətlə izləyirdim. Hakimin çöhrəsindəki təkkəbbürlülük və özündənrazılıq hisslərindən duyğulandım və hakim ananın evə qayıtdıqdan sonra övladlarının və nəvələrinin üzünə necə baxacağını düşündüm. Bir də ki, onlar belə şeylərə öyrəşiblər. Belələrindən insaf və ədalət gözləməyin yeri və mənası varmı?! Beləliklə, 9 illik həbsə atılan Rüfətin 9-cu məhkəmə salonundakı işi də beləcə yekunlaşdı. Görək, bundan sonra Rüfəti daha hansı işgəncələr, karserin daha hansı əzab-əziyyətləri gözləyir?! ”


2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, tənqidi bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.


2016-cı il dekabrın 22-də Şirvan Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.





[email protected]