Bu gün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirak edəcəyi gözlənilir.
Görüşlə bağlı gözləntiləri şərh edən beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə bildirib ki, əslində ondan ciddi bir nəticə gözləməyə dəyməz:

"Bu görüş qeyri-formal xarakterli, yəni sərbəst formatda olacaq. Bu deməkdir ki, masa üzərində hər hansı konkret sənəd, layihə yoxdur. Yəni nazirlər istənilən mövzuda söhbət edə bilərlər. Bu rəsmidən daha çox fikir mübadiləsi üçün təşkil edilmiş görüşə oxşayır. Düzdür, bu görüşün nəticələri, əldə oluna bilən mümkün razılaşmalar gələcəkdə danışıqlar prosesinin gündəliyinə daxil ola bilər. Amma bundan artığını, hansısa ciddi, konkret nəticələr gözləmək olmaz".

Ekspertin fikrincə, hətta heç kim bu görüşdən heç nə gözləməsə belə, tərəflərdən hansısa birinin ondan imtina etməsi inandırıcı deyil: "Bu, ATƏT-in cari sədrinin təşəbbüsü ilə keçirilən görüşdür. Azərbaycan və Ermənistan da bu təşkilatın üzvləridir. Ona görə bu təklif rədd oluna bilməzdi. Tərəflərdən birinin görüş təklifini rədd etməsi ATƏT-ə bir mesaj olardı ki, o, artıq danışıqları davam etdirmərk istəmir. Ona görə də mövcud reallıqları, həmçinin diplomatik praktikanı nəzərə alaraq sadəcə siyasi məqsədə müvafiqlik naminə bu görüş keçirilir".
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü aprelin 28-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə baş tutmuşdu.