Ermənilər Rusiya vətəndaşı kimi Bakıya niyə gəlir?

İlham İsmayıl: "Xarici İşlər Nazirliyi çəkinirsə, o zaman bu nazirlik siz və bizlər olmalıyıq”

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmaqla bağlı tələbi ölkəmizdə sərt etirazla qarşılanıb. Əslində bu tələbin olduqca ciddi mətləblərdən xəbər verdiyi, bunun arxasında təsir vasitəsinin olduğu və məkrli niyyətin dayandığı vurğulanır. Təhlükəsizlik baxımından da Kremlin rəsmi Bakıya qarşı bu tələbinin arxasında gizli mətləblərin dayandığı bildirilir. Vətəndaşları olan erməniləri Azərbaycana bu yolla keçirməklə Rusiyanın ölkəmizi təhlükə hədəfinə çıxardığı qeyd olunur. Düzdür, rəsmi Bakının buna qarşı kifayət qədər sərt mövqeyi oldu. Amma bununla belə, ekspertlər Azərbaycan hökumətini bu istiqamətdə daha sərt davranmağa, ehtiyatlı olmağa çağırırlar.


Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Rusiya tərəfin bu tələbində heç bir yeniliyin olmadığını bildirdi: "Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyində var idi ki, biz bu barədə Rusiya tərəfi xəbərdar etmişik, təkcə özümüzə qarşı ola biləcək təxribatlardan deyil, həmin şəxslərin özlərinə qarşı ola biləcək təxribatları əsaslandırıb, o şəxsləri ölkəyə buraxmırıq. Ola bilsin ki, onlar rus olsunlar, amma biz nə bilək ki, onlar tapşırıq yerinə yetirirlər, ya yox. Rusiya Xarici İşlər Nazirliyi bunları yaxşı bilir. Yenə də Azərbaycanı istənilən an təhdid edəcək, mövqeyini ortaya qoyacaq addımlar atır. Açığı, bir bəhanə axtarırlar. Azərbaycan hər hansı bir siyasət yürütmür ki, Rusiyanın maraqlarına doğru yönələn addımlar olsun. Mətbuata dəfələrlə demişik ki, seçkilər ərəfəsində belə tələblərin sayı getdikcə çoxalacaq. Həmin tələb vaxtı Rusiyaya qarşı sərt və məntiqli cavab vermək olardı ki, siz əgər vətəndaş qeydinə qalansınızsa, nədən Dilqəm Əsgərovun o cür tutulması, işgəncəyə məruz qalmasına heç bir münasibət bildirmirsiniz? Əgər sərt münasibət bildirməkdən Xarici İşlər Nazirliyi çəkinirsə, o zaman bu nazirlik siz və bizlər olmalıyıq. Siz öz vətəndaşınıza Dilqəm Əsgərovun timsalında necə münasibət bəsləyirsinizsə, biz də o cür münasibəti vətəndaşınıza bəsləyirik. Yəni bu cür reaksiya vermək olardı. Biz bu ərəfədə Rusiyadan bu cür mövqeləri tez-tez görəcəyik”.


Təhlükəsizlik eksperti gecə-gündüz rus telekanallarında Azərbaycan əleyhinə çıxış edən ermənilərin olduğunu söylədi: "Rus kanallarına baxdığımız zaman Azərbaycan əleyhinə çıxış edən ermənilərə rast gəlirik. Kim zəmanət verə bilər ki, onlar bura gəldikləri zaman təxribat törətməyəcəklər? Mən səbirli yanaşa bilərəm, amma başqası haqqında bunu demək olmur. Sözün həqiqi mənasında təxribat ola bilər. Bunu Rusiya tərəfi çox yaxşı bilir. Amma bunu bilə-bilə xüsusən XİN bizə qarşı mənfi münasibətlərini hər addımbaşı göstərmək istəyirlər. O da nazir Sergey Lavrov və nazirliyin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın mövqeyindən irəli gəlir. Ola bilər ki, bu barədə Putin heç bir göstəriş verməsin. Amma aydındır ki, belə məsələlərlə bizə qarşı münasibətlərini ortaya qoyurlar. Hesab edirəm ki, Azərbaycan sərt mövqe bildirməsə, üzərimizə çox gələcəklər. Zamanında İranın bizə qarşı münasibətinin necə kəskinləşdiyini yaxşı xatırlayırıq. O zaman biz də əks mövqe ortaya qoyduq. Bunun da çox müsbət effektləri oldu. İran bizim üstümüzə gəlməkdən geri çəkildi. Rusiya istədiyini alıb erməniyə verib. Bundan sonra üstümüzə gəlib nə edəcək? Rusiyada birini hazırlayıb burada hakimiyyət dəyişikliyinə cəhd edəcəklər? Çox təəssüflər olsun ki, telekanallarımızda çıxış edən şərhçilər mövqelərini tamam başqa istiqamətdən nümayiş etdirirlər. Əsl məsələnin mahiyyəti kənarda qalır, kiməsə yarınmaq istəyir. Bu da bizim informasiya siyasətimizin olduqca aşağı səviyyədə olduğunun göstəricisidir”.




[email protected]