Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti "Tern Transport & Trading CZ"-in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.
İctimaifikir.az virtualaz.org-a istinadən xəbər verir ki, Rəşad Qafarova onun təsisçisi olduğu digər şirkətin-"Caspan Logistic Services"in hüquqi ünvanı yerləşən Argentinska 12-nin yaxınlığında hücum ediblər. Hadisə iyunun 29-da, günün günorta çağı baş verib.
Biznesmen həmin ərazidə kimliyi hələlik istintaqa məlum olmayan şəxs (yaxud şəxslər) tərəfindən bıçaqlanandan sonra yaralı vəziyyətdə çox güman ki, özünü həkimə çatdırmaq üçün avtomobilinə qayıdıb, ərazidən uzaqlaşa bilib. Lakin biznesmen ofisindən avtomobillə təxminən 3 dəqiqəlik məsafədə yerləşən Jateční 33a ünvanının qarşısında yüngül qəza törədib. Belə ki, Rəşad Qafarov avtomobili yaralı vəziyyətdə idarə edərkən qarşı hərəkət zolağı ilə, əks istiqamətdə gedib. Bu zaman onun avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub, yüngül qəza baş verib.
Hadisə yerinə gələnlər Rəşad Qafarovu maşında qan içində görüblər, o, dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq Qafarovun həyatını xilas etmək mümkün olmayıb. Praqa polisinin müstəntiqi bildirib ki, istintaq təzə başlayıb və heç bir informasiya verə bilməz.
Biznesmen bu ünvanda qəza törədib
Rəşad Qafarovun Çexiyada "Tern Transport & Trading CZ", "Caspian Logistic Services" şirkətləri ilə yanaşı "CLS-Cargo s.r.o", "Oriental Petroleum Ltd" adlı şirkətləri olub.
Bu şirkətlər özəlliklə, beynəlxalq yük daşımaları ilə məşğul olub. Şirkətlər hava, quru və dəniz yolları ilə yükdaşımalarını həyata keçirib.
Xatırladaq ki, Rəşad Qafarovun cənazəsinin Bakıya iyulun 12-də gətiriləcəyi açıqlanıb.