İctimaifikir.az-ın budəfəki qonağı Respublika Klinik Xəstəxanasının ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Samirə Əkbərbəyovadır.
Son dərəcə aktual mövzu ilə bağlı müsahibəni təqdim edirik:
–Son dövrlər daha geniş yayılmış ginekoloji xəstəliklər hansılardır?
– Son zaman artan ginekoloji xəstəliklər cinsi yolla keçən xəstəliklər və bunların ağırlaşmalarıdır.
– Digər tərəfdən, diaqnostik metodların inkişafı sayəsində şiş xəstəliklərinin diaqnostikası artmışdır ki, bu da onların son zamanlar artdığı kimi subyektiv fikir yaradır.
–Qadınların klimakterik dövrə erkən keçməsinin səbəbi nədir?
– Klimaks yaşı daha çox orqanizmin fərdi və genetik xüsusiyyətlərindın asılıdır. Amma ətraf mühit faktorları, qidalanma, ekologiya və radiasiya da buna təsir göstərə bilir. Belə ki, inkişaf etmiş ölkələrdə orta klimaks yaşının daha çox olduğunu görürük.
–Bəs hamiləlikdə tez-tez rast gəlinən problemlər hansılardır?
– Hamiləlikdə ən çox qarşımıza çıxan problemi bir sözlə ifadə etsək, bu, vaxtından qabaq doğuşdur. Çünki hamiləlik patologiyalarının çoxu və hətta hamiləliklə yanaşı gedən ekstragenital xəstəliklər bizi bu təhlükə ilə qarşı-qarşıya qoyur.
-Keysəriyyə əməliyyatı nə vaxt olunmalıdır?
- Keysəriyyə
əməliyyatı dölün (uşağın) və ciftin cərrahi əmliyyat vasitəsilə qarnın ön
divarının və uşaqlığın kəsilməsi ilə xaric edilməsidir.Bu əməliyyata göstərişlər
iki cür olur: mütləq və nisbi.
Mütləq göstəriş o deməkdir ki, doğuş yalnız cərrahi
yolla olmalıdır. Əks halda ana və dölün həyatı təhlükə qarşısında qalacaqdır.
Nisbi göstəriş o deməkdir ki, doğuş təbii yolla
olarsa, dünyaya diri və sağlam uşağın gəlməsi təhlükə qarşısında qala bilər.
III və IV dərəcəli anatomik dar çanaq, ananın
çanağı ilə dölün başının kliniki uyğunsuzluğu, tam cift gəlişi, uşaqlığın
cırılma təhlükəsi, əvvəllər uşaqlıqda aparılmış əməliyyatdan sonrakı çapığın
yararsızlığı, ananın bəzi xəstəlikləri (yüksək dərəcəli miopiya, ağır ürək-qan
damar sistemi xəstəlikləri və s) keysəriyyə əməliyyatına mütləq göstərişdir.
Çox vaxt bir sıra faktorlar ayrı-ayrılıqda cərrahi
əməliyyata göstəriş olmasa da, birlikdə bu faktorlar dölün həyatı üçün təhlükə
yaratdığına görə keysəriyyə əməliyyatı məsləhət görülür.
- Dünyaya sağlam körpə gətirmək üçün nə etmək lazımdır?
Dünyaya sağlam körpə gətirmək üçün ailə cütlüyü (ər və arvad) hamiləlikdən əvvəl həkimə müraciət etməlidir. Qan qrupu və rezus faktor müəyyən olunmalıdır. Əgər qadında resuz mənfi, kişidə rezus müsbətdirsə hamiləlik zamanı rezus konflikt meydana çıxa bilər. Hər iki şəxsin SPİD-ə, sifilisə, hepatit B və C-yə, xlamidiya, toksoplazmoz, herpes, məxmərək və s infeksiyalara qarşı yoxlanılması, lazım olduqda müalicə kursu keçməsi zəruridir. Ananın yaşı 30-35-dən çox olarsa, risk faktorları daha da artır, buna görə də yenidoğulmuşda genetik xəstəliklər olmaması üçün həkim-genetikə müraciət etmək lazımdır. Hamiləlikdən2-3 ay əvvəlfol turşusu, B qrupu vitaminlərinin qəbulu dölün normal inkişafına səbəb olur. Əgər qadın əvvəl hər hansı bir xəstəlik keçiribsə, bu barədə həkimə mütləq deməlidir.Qadın hamiləliyin əvvəlindən doğuşa qədər həkim nəzarətində olmalıdır. Hamilə, yaşadığı sahə üzrə qadın məsləhətxanasına müraciət edərək, hamiləlik qeydiyyatına götürülür. Müayinələrdən keçir, risk faktorları müəyyən edilir. Hər bir hamilə üçün fərdi olaraq hamiləliyin aparılma planı tərtib olunur. Hamiləliyin 20 həftəsinə qədər qadın ayda bir dəfədən az olmayaraq, 20 həftədən sonra ayda 2 dəfə, 32 həftəsindən sonra ayda 3-4 dəfə müayinədən keçməlidir. Hamilə öz sağlamlığında hər hansı narahatlıq hiss etdikdə, dərhal həkimə müraciət etməlidir.
–Bəs son vaxtlar qadınların doğuşdan qorxmasının səbəbi nədir?
– Doğuş sistem işidir. Maariflənmədən psixoloji hazırlığa, pasientdən xəstə yaxınlarınadək bir çox insanın səbr etmə qabiliyyətindən asılıdır.
–Qeysəriyyə əməliyyatından sonra təbii doğuş mümkündürmü?
– Mümkündür, amma risklidir. Uşaqlığın yırtılma riski.
–Övlad sahibi ola bilməyən cütlüklər ilk olaraq nələrdən başlamalıdırlar? Sonsuzluq diaqnozunun qoyulması üçün nə qədər zaman keçməsi lazımdır?
– Bir il. Başqa heç bir şikayət yoxdursa, bir il qorunmasız müntəzəm cinsi əlaqəyə baxmayaraq hamilə qalınmırsa həkimə müraciət etmək lazımdır. İlk analiz: spermioqram, qadının hormon profili, uşaqlıq borularının keçiriciliyinin rentgen müayinə ilə yoxlanması.
–Son olaraq musahibəmizi oxuyan xanım oxucularımıza hansı mesajı çatdırmaq istəyərsiniz?
Tibbi məsləhətlər: istənməyən hamiləliklərdən qorunmaq lazımdır. lazımsız dərman və analizlərə aludə olmasınlar. Həkimlərini diqqətlə seçsinlər.
Yaxşı həkimin kriteriyaları: 1. Vicdan. 2. Güclü nəzəri bilik.