Rusiyanın Kemerovi vilayətinin Marininsk rayon məhkəməsi iki yerli sakini qul kimi işlətməkdə ittiham olunan Azərbaycan vətəndaşının və onun birgə yaşadığı qadının işinə baxır. İctimaifikir.az xəbər verir ki, istintaqın versiyasına görə həmin iki şəxs-qadın və kişi azərbaycanlı sahibkara təmir-tikinti işləri görürmüş.
2014-cü ilin payızından başlayaraq işləyən fəhlələr 2015-ci ilin yazında sahibkara deyiblər ki, onlar işi dayandırıb Marininsk şəhərinə getmək istəyirlər.
Sahibkar və onun birlikdə yaşadığı qadın bu informasiyaya çox aqressiv reaksiya verib, ittiham olunan şəxs qadını əvvəlcə əllə, daha sonra "lopatka” ilə döyüb. Fəhlələri qorxudan sahibkarlar onların sənədlərini əllərindən alıb və pulsuz işləməyə məcbur ediblər. İttiham aktına görə qul kimi işlədilən fəhlələrə gündə cəmi bir çörək və həftədə bir qutu makaron verirlərmiş. Habelə onları mövsümə görə geyimlə təmin etmirlərmiş. Fəhlələr bir neçə dəfə əsirlikdən qaçmağa çalışıblar. Belə cəhdlərdən birindən sonra sahibkarlar onları meşəyə aparıb və məcbur ediblər ki, özlərinə qəbir qazsınlar.
Nəhayət 2016-cı ilin iyununda zərərçəkənlərdən biri qaça bilib və başına gələnlər haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Sahibkarlar həbs olunub. Onlar günahlarını boynuna almırlar. İttham olunan azərbaycanlının 37 yaşı, birgə yaşadığı qadının isə 33 yaşı var.