Zeynal Məmmədli: "Bunun bizə də ziyanı dəyəcək”
ABŞ prezidenti Donald Tramp öz twitter hesabında montaj məhsulu olan video paylaşıb və onun bu videoda CNN-i "əzişdirdiyi” əks olunur.
İctimaifikir.az xəbər verir ki, Trampın bu videosu dünyanın bütün kanallarında nümayiş olunub.
Qeyd olunur ki, Ağ Evin rəhbəri ona qarşı sərt tənqidi mövqedə duran bu liberal kanalı sevmir və öz nifrətini hər yerdə büruzə verməyi xoşlayır.
Trampın kanalla arası hələ seçkiqabağı dövrdə dəysə də (CNN açıq şəkildə Hillari Klintonu dəstəkləyib-red.), kanalın Ağ Ev administrasiyanın bir üzvünün Rusiya ilə əlaqələri haqqında informasiya verməsi, daha sonra isə həmin xəbərin yalan çıxması səbəbindən rəsmi səhifədən çıxarması onu lap özündən çıxarıb.
CNN həmin xəbərə görə məsuliyyət daşıyan redaktor və müxbiri işdən qovmuşdu.
Trampın 33 milyonluq twitter auditoriyası üçün təqdim etdiyi "tamaşa” isə prezidentin kanala qarşı hirs və kininin soyumadığını göstərir.

Videoda D.Trampın Amerikada olduqca populyar olan restlinq döyüşündə (yalançı, dekorativ xarakterli döyüşdür-red.) sifəti CNN loqosu təsvir olunmuş rəqibini əzişdirməklə məşğul olduğu görünür. Bu video bu zamana qədər 100 min insan tərəfindən yenidən paylaşılıb və milyona yaxın izləyicinin "layk-ürək” şəkilciyinə layiq görülüb.
Bundan başqa, Tramp CNN kanalını öz səhifəsində FNN ("Fraud News Network” - Yalançı Xəbər Şəbəkəsi) adlandırıb.
Sözügedən materialla bağlı açıqlama verməyə məcbur olan D.Trampın terrorçuluq və kibertəhlükəsizlik məsələləri üzrə köməkçisi Tom Bossert videoya təhdid olaraq baxmağın doğru olmadığını bildirib.
CNN isə prezidentin videosunu qətiyyən zarafat olaraq qəbul etmək fikrində deyil. Kanal rəhbərliyi bunu birbaşa öz ünvanlarına hədə olaraq qəbul edib.
Kanalın məsələ ilə bağlı verdiyi rəsmi bəyanatda Trampın özünü balaca uşaq kimi apardığı, bu cür işlərdənsə xarici səfərinə, xüsusilə Vladimir Putinlə ilk görüşünə hazırlaşmalı olduğunun, səhiyyə təminatı haqqında qanunla və Şimali Koreya problemi ilə məşğul olmasının daha vacib olduğu bildirilib.
Mətbuatın yaydığına görə, videonun orijinal variantı 2007-ci ildə çəkilmiş WrestleMania adlı verilişdəndir. Həmin əyləncə xarakterli proqramda Tramp məşhur promouter, ABŞ-ın Restlinq Federasiyasının prezidenti Vins Makmenlə "döyüşüb”.
Orada rəqiblər əvvəlcədən hazırlanmış ssenari üzrə bir-birlərinə söz atıblar və D.Tramp rəqibini yerə sərərək ona bir neçə dəfə "zərbə endirib”. D.Tramp twitterdə yaydığı videoda məhz Makmenin sifətini CNN-in loqosu ilə əvəz edib.
Müşahidəçilərin qeyd etdiyinə görə, prezident bu statusu ilə əslində mediaya olan həqiqi hisslərini və onlarla bağlı "arzusunu” ifadə edib.
Onlar videoya, sadəcə, zarafat olaraq baxılmasının doğru olmadığını söyləyirlər.
Bütün hallarda bu, çox ciddi hadisədir. Trampın hakimiyyətə gələnə qədər də, hakimiyyətə gələndən sonra da media ilə münasibətləri hər zaman kəskin olub. Media düşməni olan və bunu gizlətməyə ehtiyac duymayan Trampın məlum davranışının nəticələri necə olacaq? Necə deyərlər, Tramp CNN-i döyürsə, biz nə edək? Bunun Azərbaycan mediasına təsirləri necə ola bilər?
Media mütəxəssisi Zeynal Məmmədli bu situasiyanın ilk gündən onun diqqətini cəlb etdiyini bildirdi. Müsahibimiz dedi ki, ümumiyyətlə, bütün dünyada media əvvəlki rolunu itirməkdədir: "Mediaya olan inamın ciddi çəkildı sarsılması görünür. Medianın kommersiyalaşması, media holdinqlərin reklam bazarlarının, gəlirlərin əlində əsir olub, həqiqətləri söyləməkdən çəkinməsi geniş hal alıb. Trampla bağlı məsələyə başqa rakursdan baxmaq lazımdır. Necə oldu ki, demokratiyanın carçısı olan bir ölkənin başçısı belə edir? Bu montajdır, şantajdlr - bunu qoyuram qırağa. Amma ortada qırmızı xətti aşan çalarlar var".
Müsahibimiz eyni zamanda "günah təkcə Trampdadır?” deyə sual etdi. Dedi ki, ümumən dünyada müxtəlif növ medialar var. Partiya, korporasiya, hökumətyönlü, diktator mediaları... hər biri ayrı-ayrı funksiyaya malikdir. Müsahibimiz dedi ki, medianın növündən asılı olmayaraq, onların ortaq dəyərləri var: "Media bu baxımdan bütöv bir güc olaraq ortaya qoymasa və çox ciddi şəkildə dönüşlər etməsə, nəticə etibarilə bir çox dəyərlərin məhv olması qaçılmaz olacaq. Başqa medialar çox çıxıb ortaya. Xüsusən də sosial şəbəkələr burda rol oynayır. Müxtəlif informasiyalar gəlir. Zamansız gəlir. Əyləncəyə, qurd çıxarmağa oxşayır. Media bütövlükdə özünə baxmalıdır. Bunun ziyanını təkcə cəmiyyəti müdafiə edən media çəkməyəcək. Kommersiya mediaları da bunun ziyanını görəcək”.
Müsahibimiz dedi ki, bu durum Azərbaycana da təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, ölkədə istər dövlət, istər qeyri-dövlət qurumları pisi daha çox götürürlər və buna meyllidilər: "Mən bizim parlament üzvlərinin media ilə bağlı çıxışlarını xatırlayıram. Hamısı çox qorxuludur. Media bizdə heç vaxt güc, hakimiyyət olmadı. O ki qala 4-cü, 77-ci hakimiyyət olsun. Bunun bizə ziyanı həddən artıq çoxdur”.